Dəhşətli hadisə Binəqədi rayonunda qeydə alınıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, birini yaralamaqda təqsirli bilinən Ağsu rayon sakini, 1993-cü il təvəllüdlü Elvin Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Elvin Mikayılov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustun 31-də Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən “Kral” marketinin qarşısında baş verib. Elvin Mikayılov 32 yaşlı Yaşar Dərgahquliyevin boğazını kəsərək öldürüb. O, daha sonra mərhumun qardaşı, 29 yaşlı Vüqar Dərgahquliyevə bıçaqla iki dəfə zərbə endirib. İstintaq araşdırması zamanı müəyyən olunub ki, hadisəyə səbəb Yaşar Dərgahquliyevin avtomobillə onun maşının yanından sürətlə keçməsi olub. “Niva” markalı avtomobillə onu ötüb keçən Yaşara çatan Elvin Mikayılov qardaşlara hücum çəkib. Dava cinayətlə nəticələnib. Elvin Mikayılov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox əxsi öldürməyə cəhd) maddələri ittiham olunur.