Daxili İşlər naziri Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a bildirilib ki, əmrə əsasən, ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi noyabr ayının 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.