Son günlər artan qadın qətllərinin ƏSL SƏBƏBLƏRİ BUNLAR İMİŞ

Son günlər artan qadın qətllərinin ƏSL SƏBƏBLƏRİ BUNLAR İMİŞ
19:37 16 Oktyabr 2019
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər qadın qətlləri, onların uşaqların gözü qarşısında qadınların amansızlıqla öldürülməsi ilə bağlı xəbərlərin sayı durmadan artır. Ən dəhşətlisi isə bunun uşaq psixologiyasında dərin izlər buraxaraq, onların gələcək həyatlarını qarabaqara izləməsi olur. Bəzən nadir baş verən hadisələrə susmaq qınanılmasa da, son törədilənlər bu işin məcrasından, haşiyəsindən çıxdığını gösərir. Bu isə cəmiyyət üçün artıq narahatedici hal şəklinə çevrilməlidir. Bəzən kiçik məsələlərə maya vurub şişirdən, onlara kəskin reaksiya verənlər, çox təəssüf ki, qadın zorakılığı məsələlərini hələ də qıraqdan tamaşaçı kimi seyr etməyə üstünlük verir. Bəziləri isə "Yaxşı at özünə qamçı vurdurmaz" atalar məsəlinə əsaslanaraq, hətta öldürənə haqq qazandırırlar. Bu hadisələrin bir çoxu ər tərəfindən törədilsə də, bəzi hadisələr qayınata, qayınana iştirakı ilə də baş verir. Ziyalı təbəqə cinayətlərin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac olduğunu, problemlərin həllinin zorakılıqla mümkün olmadığını qeyd ediblər. Bəs görəsən kimdir günahkar ölən ya öldürən?

Milli.Az xəbər verir ki, "ölkə.az" bu məsələ ilə bağlı araşdırma apararaq ölkənin müxtəlif sahələrində çalışan tanınmış simalara üz tutub.

Deputat Aytən Mustafayevanın sözlərinə görə, son dövrlərdə ailə zorakılığı çox artıb, insanlar isə soyuqqanlı olublar:

Deputat:

"Bir neçə gün əvvəl "Avtovağzal" metrostansiyası yaxınlığında ər uşaqlarının gözü qarşısında arvadını bıçaqlayıb. Ətrafdakılar prosesə müdaxilə edib, buna imkan verməmək əvəzinə, hərə əlinə bir telefon alaraq hadisəni lentə alıb. Bu hadisə də uşaqların gözü qarşısında baş verib. Bir kişi çıxmayıb ki, ona bir yumruq vursun, qadını onun əlindən alsın",- deyə deputat keçirilən plenar iclasda fikir bildirib.

"Təmiz Dünya" İB- nin sədri Mehriban Zeynalova açıqlamasında bildirib ki, bu kimi vəziyyətlər kişinin qadını öz malı kimi, bir əşya kimi görməsindən irəli gəlir:

Image result for Mehriban Zeynalova

"Bunun ən böyük səbəbi kişilərin qadını ona mənsub olan əmlak kimi görməsidir. Bir çox hallarda səbəb kişinin ailəni özünün mal varlığı sayıb hegemonluq etməsidir. Ən dəhşətlisi isə həmin insanlar uşaqlara da əşya kimi baxırlar. Bir gün onun qanunları keçmirsə, ən asan yolu-qətli seçirlər. Onlar emosialarını idarə edə bilmirlər və çox zaman uşaqların gözü qarşısında ananı qətlə yetirirlər."

M. Zeynalova əsas səbəblərdən birinin yenə də sosial problemlər və insan davranışının pozğunluğu olduğunu da vurğulayıb.

"Bunun kökündə həm sosial problemlər, həm də davranış pozğunluğu durur. Bu iki problem bir- biri ilə əlaqəlidir, bunları birini-digərindən ayırmaq qeyri-mümkündür. Bunu da qeyd etmək lazımdır ki, səbəblərdən biri də gender rollarının dəyişməsinə etirazdır. Ancaq bir məsələni də dana bilmərik ki, burada əsas psixoloji amillər, şübhələr, müdaxilələr də rol oynayır. 

Zeynalova son zamanlar sosial şəbəkələrdə müzakirə olan əsas səbəbdən- öldürənə haqq qazandırmaqdan da danışıb.

"Heç bir vəziyyətdə öldürənə haqq qazandırmaq olmaz. Öldürmək üçün heç bir səbəb ola bilməz. Məlumatı oldu-olmadı bəziləri insan haqqlarından danışır. Deyir qadın hüquqları yox, insan haqqları var. Əgər belədirsə, zəhmət çəkib insan kimi davransınlar",- deyə o, fikrini tamamlayıb.

Millət vəkili Fazil Mustafa isə "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində bu kimi halların çoxalmasını savadsızlıqla əlaqələndirib.

Image result for fazil Musafa

"Bu birbaşa ölkədə savadın, mədəniyyət səviyyəsinin aşağı olması ilə bağlıdır. Təhsil zəiflədikcə, savadsız insanların sayı artır və bu da mədəniyyət səviyyəsinə birbaşa təsir edir. Əgər sosial problemlərə qalsaydı, dünyada qat-qat aşağı səviyyədə olan dövlətlər var. Onda onlar bir-birlərini öldürüb, bitirərdilər.

Çox ailələrdə qız uşaqlarını elə doğum evində öldürürlər, abort edib məhv edirlər. Mənim fikrimcə vəhşilik, zorakılıq birinci elə oradan başlayır. Bu, məsələnin özünü araşdırıb tapmaq lazımdır ki, insanlar niyə özləri belə naşükür davranırlar.  Bu da son zamanlar baş verən qətl hadisələrinin təzahürüdür.

Fikrimcə ölkədə elmin, təhsilin səviyyəsini artırmaq lazimdir. Xüsusən, qadınları kütləvi şəkildə təhsil proqramına cəlb etməliyik. Onların iqtisadi müstəqilliyini təmin edəcək şəkildə hazırlıqlı olmalarına nail olmaq lazımdır. Onda ailə sütunu da daha möhkəm olacaq".

Deputat uşaqların bu hadisələrdən aldıqları psixoloji durumdan da danışıb.

"Uşaqlar da bu zorakılıq mühitində böyüdükdə, sabah özü valideyn olanda da həmin gördükləri hərəkətləri sərgiləyirlər. Ona görə, uşaqlarla bağlı bu məsələlərə ciddi yanaşmaqla, gələcəkdə yaşana biləcək bir çox faciənin qarşısını ala bilərik".

F. Mustafa xəyanətin qətl üçün motiv olmamasını da bildirib:

"Əgər xəyanətə görə, adam öldürmək olsa idi, onda Azərbaycanda kişi qalmazdı. Çünki kişilər qadınlardan daha çox xəyanət edir. Yenə də qeyd edirəm, bu münasibətlərin qurulmasında da mədəni davranış, ailə təməlinin düzgün qurulmaması durur. Əgər ailədə güvən olmasa o proses onsuz da xəyanətlə bitəcək",- deyə fikrini tamamlayıb.

Bəs dində bu məsələ necədir? İslam dinində öldürməyə haqq qazandıran hansısa bir səbəb varmı? Xəyanət, itaətkarsızlıq və ya öhdəsinə düşən vəzifəni yerinə yetirməmək...

Bu sualla ilahiyyatçı Elşad Miriyə də müraciət etdik: O, açıqlamasında bunları qeyd etdi:

Image result for Elşad Miri

"Qətl etmək üçün heç bir səbəb yoxdur, ola da bilməz. Dində heç bir motivlə adam öldürmək halal sayılmır. İstər xəyanət və ya digər səbəb olsun, özünü müdafiədən başqa bir səbəblə insan öldürmək  dinimizdə haramdır. Yəni Allah-Təala bunu insanlara haram buyurub. Əgər xəyanətə görə, insan öldürülsəydi yer üzünə xaos hökm sürərdi",- deyə bildirib.

Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynovun fikrincə isə qadın hüquqları cəmiyyət tərəfindən yanlış anlaşılır:

mireli-huseynov-11

"Son dövrlər qadınlara qarşı zorakılıq faktlarının artması qadın hüquqlarının daha ciddi şəkildə qorunmasının və onlara münasibətdə daha həssas yanaşmanın vacibliyini bir daha ortaya qoymuş oldu. Qanunvericiliyin hamının qanun qarşısında bərabərliyi prinsipini müəyyən etdiyi halda qadınlara imtiyazların verilməsi əleyhdarları bunu bəzi hallarda ayrı-seçkilik və yaxud belə ayrı-seçkiliyə heç bir zərurətin olmaması kimi qiymətləndirirlər. Digər yanaşma isə bundan ibarətdir ki, tərəflər bərabər hüquqludursa, bərabərdə vəzifələr daşımalıdırlar. Məsələn qadınlarda kişilərlə bərabər hərbi mükəlləfiyyətli olmalı, istehsalatın bütün sahələrində kişilərlə bərabər çalışmalıdırlar. Bunlar tamamilə yanlış yanaşmalardır. Qadınlara münasibətdə pozitiv diskriminasiya hər şeydən əvvəl onların bioloji/fizioloji xüsusiyyətindən irəli gəlir. Bu xüsusiyyəti nəzərə alaraq qanunvericilik onları uyğun hesab edilməyən fəaliyyətlərə cəlbindən və sui-istifadəndən qorumağı zəruri hesab edir. Məsələn, əmək qanunvericiliyi yeniyetmələrə və qadınlara müəyyən çəkidən artıq yük qaldırmağı/daşımağı və s. ağır əmək fəaliyyətini qadağan edir. Bu cür məhdudiyyətlər və ya güzəştlər olmasa işəgötürən və ya kişi işçi həmkarı qadını/yeniyetməni onun fiziki/bioloji imkanlarına cavab verməyən işləri görməyə məcbur edə bilər. Xatırlayıram ki, sovet dövründə üzüm tarlalarında qadınlar da kişilərlə bərabər beton stolbalar daşımağa cəlb olunurdular. Bu onların fiziki durumuna və analıq funksiyalarına əhəmiyyətli dərəcədə pis təsir edir və çoxlu fəsadlar yaradırdı. Cinayət əməlində isə əməlin cins fərqi olmadan kimin tərəfindən və ya kimə qarşı törədilməsinin heç bir fərqi yoxdur. Ən yaxşı halda qadın amili ağırlaşdırıcı və ya yüngülləşdirici hal kimi nəzərdən keçirilir. Qadın döyülürsə, bu adam döymədir, öldürülürsə, adam öldürmədir. Qanunvericilikdə qadınlara qarşı zorakılıq, məişət zorakılığı kimi qanunziddi əməllər nəzərdə tutulmamışdır. Bu cür terminlərdən daha çox qeyri-hüquqi ritorika kimi istifadə olunur. Sadəcə qadınlar zərif cins olaraq zorakılığa daha çox məruz qaldıqlarından və daha çox risk daşıyıcıları olduğundan onlara qarşı zorakılığı cəmiyyət sıradan bir kriminal akt deyil, qadına qarşı əməl kimi qiymətləndirir",- deyə o, sosial şəbəkədə öz fikirlərini qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/794799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR