"Sənətə öz gücümlə gəlmişəm, bəziləri kimi başqa yollardan keçməmişəm" - Arzu Abdulova ilə MÜSAHİBƏ

“Kulis” layihəsinin bu dəfəki qonağı bir çox film və seriallarda uğurlu obrazlar canlandırmış aktrisa Arzu Abdulovadır.

Metbuat.az tanınmış aktrisanın saytımıza verdiyi müsahibəni təqdim edir:

Son filminiz olan “Adam” filmindən başlayaq. Filmə çəkilməyiniz necə baş tutdu? Oradakı rolunuz necə bir obrazdır?

- “Adam” filmi çəkildiyim son filmdir. Orada baş rollardan biri olan “Aida” obrazını canlandırmışam. 13-14 yaşlı qızın anasını oynamaq üçün aktrisa axtarırdılar, İbrahim Əbilov məni məsləhət görmüşdü, dəvət etmişdilər. Ssenarini oxuduqda mənə çox maraqlı gəldi, obrazı sevdim, çünki məndə belə obraz olmamışdı. Bilirdim ki, obrazın öhdəsindən yaxşı gələcəyəm, ona görə razılıq verdim. Çünki mənim də 12 yaşında bir övladım var. Filmdə 13-14 yaşlı qızın anasıyam, həyat yoldaşım polis işçisidir. Obrazım bu dəfə müsbət obraz idi – fədəkar ana, fədəkar bacı idi. Qala gecəsindən bu yana eşitdiyim fikirlər bu oldu ki, filmdə ən yaxşı obrazı məhz mən canlandırmışam.

İnternetdə araşdırdığım zaman sizin haqqınızda ətraflı məlumat tapa bilmədim. İstəyərdim özünüz və təhsiliniz, çəkildiyiniz serial və filmlər barədə məlumat verəsiniz oxucularımıza.

- Təhsilim orta təhsildir. Əslində mən məktəbdə çox yaxşı oxumuşam. Məktəbi bitirdiyim il İncəsənət Universitetinin Rejissorluq ixtisasına imtahan verdim, amma qabiliyyət imtahanına görə daxil ola bilmədim. İkinci dəfə Cəmil Quliyevin məsləhəti ilə aktyorluğu seçdim, çox yaxşı da bal yığmışdım. Amma bu dəfə də bir yanlışlığın qurbanı oldum – aktyorluq ixtisasından qiyabi təhsili yığışdırmışdılar, mən isə qiyabi yazmışdım. Yığıdığım bal da havaya getdi. Bunlara görə də mən universitet oxuya bilmədim. Amma aktyorluq üzrə kurslar keçmişəm. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi 2 illik aktyorluq kurslarını bitirmişəm. Ali təhsil almaq planımda var, amma burada yox, xaricdə.

Çəkildiyim ilk serial olub "Həyat sən nə qəribəsən". Orada kiçik bir obrazım var idi, 1 seriyalıq çəkilmişdim. Ondan sonra "Cehizsiz gəlinlər", daha sonra "Ata ocağı" serialında, "Ay Zaur" qısa filmində, həmçinin "Qız atası", "Bacanaqlar", "Qardaşlar" kimi seriallarda bir neçə seriya çəkilmişəm. Çəkildiyim filmlərdən isə, ilk filmim "3 badam 1 qoz" filmi olub, ora da tam təsadüfən gedib düşmüşdüm, o filmdə çəkilmək fikrim yox idi. Sadəcə təsadüfən belə alındı və obrazım da çox uğurlu oldu. Məşhurluğum da elə "3 badam 1 qoz"dan sonra başladı. Ondan sonra artıq seriallara, filmlərə təkliflər gəldi. "21 sual" adlı bir film var, çox uğursuz film idi, rejissor işi həddən artıq zəif idi. Ona görə o film çox tanınmadı. Kənan MM-in rejissorluğu ilə "De sən öl" filmində yer almışam. Yəni bir çox film və seriallarda yer almışam. Son çəkildiyim 2 serial mənə çox uğur gətirdi, "Ata ocağı" və "Niyə" serialı. Bu serillar karyeramda sözün əsl mənasında partlayış oldu.

Bir müddət ardıcıl olaraq seriallarda çəkildiniz, indi isə bir müddətdir uzaqlaşmısınız seriallardan, buna səbəb nədir?

- Fevral ayında “Niyə” serialından uzaqlaşmalı oldum, çünki səhhətimdə problem var idi, ona görə də bir neçə aylıq uzaqlaşıb müalicə aldım. Bu problem də “Adam” filmində yaranmışdı. O filmdə biz Gədəbəydə, noyabr ayında 10 dərəcə şaxtada çəkilişlərdə olurduq. Ona görə də müalicə almalı oldum. Ondan sonra isə artıq məndən asılı olmayan səbəblərdən belə alındı. Ayağımın altını o qədər çəkirlər ki, bir neçə müddətdir heç bir serialda çəkilmirəm.

Düşünürsünüz ki, sənət yoldaşlarınız çəkir ayağınızdan?

- Sənətdə mənim ayağımın altını qazanlar həddindən artıq çoxdur. Onu da deyim ki, bunu edənlər qadınlardan çox kişilərdir. Bir söz var ki, pişiyin əli ətə çatmayanda deyir iylənib. Bu səbəbdən məni uzaqlaşdırıblar. Onların istəyini yerinə yetirib tanınmaqdansa, az çəkilərəm seriallara. Amma öz sanbalımla, alnıaçıqlığımla çəkilərəm.

Həmçinin rəqqas və aparıcı kimi fəaliyyət göstərirsiniz. Bu sahələrdə fəaliyyətiniz necə baş tutub?

- Rəqs mənim aldığım nəfəsdir, artıq 22 ildir rəqslə məşğulam. Bakı Musiqi Akademiyasında Xareoqrafiyani bitirmişəm. Artıq 15 yaşım olanda Xalq artisti Ağaverdi müəllim məni Filarmoniyaya dəvət etmişdi. Elə hikkəli uşaq olmuşam ki, bir söz xoşuma gəlməsə o yerdə durmaram, ona görə ordan da uzaqlaşdım. Heç kim inanmaz ki, mənim 10 yaşım olanda artıq tələbələrim var idi, 5-ci sinifdə oxuyanda 1-ci sinif şagirdlərindən 7 nəfərə rəqs öyrədirdim. Sonra artıq pedaqoqluğu qoydum bir kənara, çünki artıq övladım var idi, onu böyütmək lazım idi. Aparıcılıq isə çox sevdiyim sənətdir, dövlət tədbirlərində aparıcı kimi fəaliyyət göstərmişəm. Dünya Tv-də “Yaşam tərzi” adında verilişim olub, oradan müəyyən səbəblərə görə ayrıldım. “Space” və “Lider Tv”dən mənə təkliflər gəlib aparıcılıqla bağlı, hələ ki bu barədə düşünürəm ki, gedim ya yox.

Demək olar ki, bundan sonra sizi daha çox efirlərdə görəcəyik?

- Bir neçə təklif var onların üzərində düşünürəm. Ümid edirəm ki, bundan sonra daha çox efirlərdə görünəcəyəm. Artıq sağlamlığımı bərpa etmişəm, bundan sonra daha çox görəcəksiniz məni efirdə.

Çəkildiyiniz filmlərdən hansını daha uğurlu hesab edirsiniz?

- Çəkildiyim filmlərdən ən uğurlusu “3 badam 1 qoz” və “Adam” filmləri oldu, mənə çox uğur gətirdi. Seriallardan isə, “Cehizsiz gəlinlər”. O serial mənim tanınmağıma təkan oldu, o obrazım çox sevildi. Sonra isə heç sevilməyən obrazım oldu – “Ata ocağı”nda Nəcibə obrazı. Ən çox isə məni sevdilər “Niyə” serialında, Nara obrazında.

Mənfi rol oynadıqdan sonra izləyicilərin tənqid və təhqirlərinə tuş gəlmişdiniz. Daha belə rol oynamaq sizi qorxutmur?

- Rüfət Umudov həmişə mənə “İfritə rolların mahir ifaçısı” deyir. Amma sizə bir şey deyim ki, mənfi obrazı oynamaq hər aktyorun, aktrisanın hünəri deyil. Mənfi obrazı oynayıb dillər əzbəri etmək çox çətindir. Mən daha çox elə mənfi obrazlarla tanındım. Düzdür, təhqirlər filan oldu. Bu da ondan irəli gəlir ki, o obrazın öhdəsindən çox yaxşı gəlmişəm. Əgər o obraz söyülürsə, təhqir olunursa, demək o obrazın haqqını vermişəm.

Bizim rejissorların problemi bilirsiz nədədir? Bir aktrisanı mənfi obrazda görürlərsə, yaxşı oynayırsa, vəssalam. Həmişə mənfi obraz verirlər. Bundan sonra əgər layihə xoşuma gəlsə, ssenari xoşuma gəlsə, niyə də yox? Sevə-sevə çəkiləcəyəm.

Bir aktrisamız demişdi ki, serialın rejissoru ona “başqa gözlə” baxdığı üçün layihədən ayrılmaq istəyib. Sizin bu cür hallarla rastlaşmısınızmı?

- Bilirsiz necədir, əgər rejissor əsl rejissor olsa, filmə əsl aktrisanı çəkər. Yox əgər rejissor işdən əlavə söhbətlər edirsə, məncə elə ordan uzaqlaşmaq məsləhətdir. Mənim çəkildiyim heç bir serialda, filmdə belə şey olmayıb. Bəlkə də həmin aktrisa özünü yaxşı aparmayıb, ona görə elə olub?

Əksər sənət adamlarının uğurlarının arxasında çətin günlər dayanır. Siz bu cür günlər yaşamısınızmı?

- Mənim ümumiyyətlə həddindən artıq çox çətinliyim oldu, çünki, mən öz gücüm, istedadım sayəsində gəldim sənətə. Bəziləri kimi bəzi yollardan keçmədim. Alnım açıq, üzüm ağdır. Həddindən artıq çətinliklər oldu, qarşımda hal-hazırda da maneələr var. Hətta mən deyərdim ki, sonuncu mövsümdə serialda əsas rollardan biri mənim idi,artıq təsdiqlənmişdi. Həmin o serialın ssenaristlərindən olan bir ssenarist xanım mənim rəfiqəmlə arasında olan intriqaya görə məni serialdan uzaqlaşdırdı. Əlindən gələni etdi ki, mən o serialdan uzaqlaşım. Bu kimi və bundan da pis maneələr var mənim qarşımda. Çox çətindi, mənə elə gəlir ki, əgər öz gücünlə gəlirsənsəbu sahədə rahat əldə olunan bir şey yoxdur. Əgər kiminsə əliylə, başqa yollarla gəlirsənsə, hər şey rahat olur. Mənim kimi bu sahədə olanlara çox çətindir.

Hansı günlər üçün “getsin birdə qayıtmasın” deyirsiniz?

- Gözəl sualdır. Mən ümumiyyətlə pozitiv insanam. Məni həmişə çox şən, gülərüz, bəzən dikbaş görürlər. Amma bilmirlər ki, əslində çox gülən insanın həyatında daha çox problem olur. Elə situasiyalar çox olub ki, demişəm getsin gəlməsin. Ən çox da getsin gəlməsin dediyim günlər 2008-ci ildə oldu. 2007-ci ilin axırı ana olmuşdum, 2 ay sonra mən artıq xəstəxanalara düşdüm. Kəskin böyrək çatışmazlığı diaqnozu ilə. Yəni 19 yaşı yenicə tamam olmuş qız artıq böyrək çatışmazlığından əziyyət çəkirdi. 1 il müddətində həkimlərdə oldum, nəhayət 2008-cu ilin sonunda oğlumun 1 yaşı tamam oldu və mən əməliyyat olundum.2008-ci ildə 1 ay müddətində çəkdiyim ağrılar acılar, ən qısa "pristub" 12 saat çəkmişdi, getsin o günlər, qayıtmasın. Övladımın 1 yaşı olanda mənim çox şey yadımda deyildi, o dərəcəyə gəlib çatmışdı ki xəstəliyim, artıq məndə yaddaş pozğuluğu meydana gəlmişdi. 42 qızdırma, böyrək çatışmazlığı və məni təcili İrana çatdırdılar. Orada əməliyyat olundum. 1 gündə 3 əməliyyat keçirtdim. Həkim demişdi ki, mən bunu indi əməliyyat etməsəm, gecə saat 3-ə qədər öləcək. Mənim o günlərdə yaşadıqlarım ki var, o ağrılar, acılar, 2008-ci il həyatımdan getsin, birdə gəlməsin.

O çətinliklərin ardından müəyyən uğurlar qazandıqdan sonra tanımadığınız qohumlar üzə çıxıb?

- Əslində mən 8 yaşımdan efirlərdə olan insanam. 8 yaşımdan Azərbaycan milli rəqsləri ilə məşğul olmuşam. O vaxtdan çəkilişlər filan mütəmadi olurdu. Sonradan artıq bu sahəyə gələndə inanın, nəinki mənim qohumlarım, hətta keçmiş həyat yoldaşımın qonşuları məni axtarmağa başladı.

Ümumiyyətlə qohumlarınızın sənətinizə münasibəti necədir?

- Məşhurluq çox qəribə bir şeydir, səndən xoşu gəlməyən biri də səni efirdə görəndə deyir səndən yoxdu. Qohunlarımın sənətimə münasibətinə gəldikdə isə məni qətiyyən heç kimin fikri maraqlandırmır. Mən əgər bunu istəyirəmsə, edəcəyəm. Əgər mən bu sənəti sevirəmsə, elə bu sənətin də arxasınca gedəcəyəm. Biz ailədə 5 uşaq olmuşuq, dördümüz musiqi ilə məşğul olmuşuq. Yəni bizim sənətdə olmağımız normal bir şeydir, olmasa da mənə maraqlı deyil kim nə fikirləşir.

Bundan sonra hansı sahəyə daha çox zaman ayıracaqsınız, aktrisalıq, rəqqasəlik, aparıcılıq? Sizin daha çox hansı layihələrdə görəcəyik?

- Rəqslə artıq efirə çıxmaq fikrində deyiləm. 22 il ərzində ayağımdan çox travma almışam. Həkim mənə çox oynamağa icazə vermir, ona görə də rəqsə zaman ayıra bilməyəcəyəm. Aktyorluğa isə onsuz da gəlmək üçün əlimdən gələni etmişəm, yavaş-yavaş sözümü deməyə başlayıram və bu sona qədər davam edəcək. Ömrümün sonuna qədər də bu sahə üzrə çalışacağam. Aparıcılıq isə, əgər layihə xoşuma gəlsə, ola bilər. Bir çox insan bilmir ki, mən ifaçı kimi də fəaliyyət göstərirəm və mən bundan sonra bütün gücümü aktyorluqla ifaçılığa sərf edəcəyəm.

Zaman ayırdığınız üçün təşəkkürlər. Gələcək karyeranızda uğurlar.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI