Rusiyalı ekspert: "İqtisadiyyat Nazirliyinin bundan sonrakı vəzifəsi hökumətin iqtisadi qolunu təkmilləşdirməkdir"

Rusiyalı ekspert: "İqtisadiyyat Nazirliyinin bundan sonrakı vəzifəsi hökumətin iqtisadi qolunu təkmilləşdirməkdir"
19:37 24 Oktyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Mikayıl Cabbarovun rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyinin başlıca vəzifəsi ölkə daxilində müxtəlif sahələrdəki istehsalatı inkişaf etdirmək, ölkənin ixrac potensialını maksimum genişləndirməkdir.
Bu barədə “Report”a Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, rusiyalı ekspert Aleksandr Karavayev bildirib.
“Burada İqtisadiyyat Nazirliyinə Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin birləşdirilməsindən daha çox “kabinet içində kabinet”in ortaya qoyulması əhəmiyyətlidir. Yəni Şahin Mustafayev Baş Nazirin müavini təyin olunduqdan sonra son illər Azərbaycan iqtisadiyyatının daha səmərəli hala gətirilməsi, qeyri-xammal sektorunda istehsalın artırılması istiqamətində məqsədyönlü fəaliyyətlərin rəmzinə çevrilən yeni baş nazir müavininin rəhbəri olduğu bütöv bir iqtisadi islahatların üst qurumu yaradıldı”, - deyən rusiyalı politoloq ölkənin iqtisadi inkişafına dair yol xəritələri və s. strateji sənədlərin müəllifi olan şəxslərin indi də struktur dəyişikliyi aparılan Nazirlər Kabinetində iqtisadiyyatın 2024-cü ilədək inkişafı ilə məşğul olacaqlarını qeyd edib.
Mikayıl Cabbarovun İqtisadiyyat naziri vəzifəsinə təyin edilməsinə münasibət bildirən politoloq bildirib ki, burada onun vəzifəsi Azərbaycan hakimiyyətinin iqtisadi qolunu hərtərəfli təkmilləşdirmək olacaq: "Çünki indi söhbət, sadəcə, hökumətdən yox, bütövlükdə ölkə iqtisadiyyatından gedir. Büdcə gəlirləri də, məsrəfləri də vahid bir quruma tabe olmaqla nəzarətə götürülməlidir”.
Ekspert hökumətin iqtisadi qolunun bu cür nizamlanmasının zəruri addım olduğunu, sistemli artıma istiqamətlənmiş iqtisadiyyata malik ölkələrin hamısının bu mərhələdən keçdiyini diqqətə çatdırıb: “Məsələn, bir neçə il əvvəl Azərbaycanın ticarət nümayəndəlikləri Xarici İşlər Nazirliyi tabeliyindən çıxarılaraq İqtisadiyyat Nazirliyinə verildi. Və cəmi iki il ərzində müxtəlif ölkələrdə bir çox ticarət nümayəndəlikləri yarandı. Bu da ixracatı genişləndirməyə diqqəti cəmləmək üçün nazirlik çərçivəsində çox ciddi alətdir. Belə ki, qeyri-xammal gəlirlərinin əldə edilməsi iki alətin birgə və həmahəng çalışmasıdır. Məsələ əvvəla, ölkə içərisində müxtəlif sahələrə aid müxtəlif səviyyəli, müxtəlif emal dərəcəli, o cümlədən Azərbaycan üçün yeni olan istehsalın inkişaf etdirilməsindən, digər tərəfdən də həmin istehsalat artımı hesabına ölkənin ixracatını maksimum dərəcədə genişləndirilməsindən ibarətdir”.

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/rusiyali-ekspert-i-qtisadiyyat-nazirliyinin-bundan-sonraki-vezifesi-hokumetin-iqtisadi-qolunu-tekmillesdirmekdir-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR