İngiltərə Premyer Liqasında 9-0 hesablı oyun

İngiltərənin "Lester" klubu "Mançester Yunayted"in 24 il öncə imza atdığı rekordu təkrarlayıb.

Metbuat.az-ın məlumatına görə, "tülkülər" buna Premyer Liqanda X turun açılış matçında "Sautgempton" üzərində 9:0 hesablı səfər qələbəsi sayəsində nail olub. Ceymi Vardi ilə Ayose Peresin het-trik etdiyi qarşılaşmada digər qolları Bencamin Çiluel, Yuri Tilemans və Ceyms Meddison vurub. Beləliklə, xallarını 20-yə çatdıran "Lester" turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. "Sautgempton" isə 8 xalla 18-cidir.

Bu, həm də Dumanlı Albionun əsas liqasının 131 illik tarixi ərzində ən böyük hesablı səfər qələbəsi olub. İndiyədək heç bir komanda rəqib meydanında 9 və daha çox topla qalib gələ bilməyib.

"Qırmızı şeytanlar" 1995-ci ildə 9:0 hesablı qələbəni "İpsviç Taun"la ev oyununda qazanıb. Hazırda hər iki qalibiyyət Premyer Liqa tarixində ən böyük hesablı nəticə sayılır.

"Sautgempton" isə tarixi ərzində ən böyük hesablı məğlubiyyətlə üzləşib. İndiyədək bu komanda evdə 1931-ci ildə "Plimut Arqayl"a və 1959-cu ildə "Brentford"a 0:6 hesabı ilə uduzub. Ən böyük hesablı səfər məğlubiyyətləri 1913-cü ildə "Kristal Pelas", 1936-cı ildə "Tottenhem Hotspur" və 1971-ci ildə "Everton"la qarşılaşmalarda qeydə alınıb - 0:8.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR