Yaşlanma əleyhinə məhsullar arasında populyarlığı artan kolagen əlavələri ilə bağlı elmi araşdırmalarda ciddi qüsurlar aşkarlanıb.
Metbuat.az xəbər verir ki, “Trinity College Dublin”dən bioistatistik Devid Robert Qrayms və britaniyalı dermatoloq Anjali Mahto tərəfindən hazırlanan məqalədə dəri qocalmasına qarşı kolagen əlavələri ilə bağlı araşdırmaların bir sıra çatışmazlıqları olduğu bildirilib. “Journal of Cosmetic Dermatology” jurnalında yayımlanan məqaləyə görə, elm adamları 2021 və 2023-cü illərdə yayımlanan iki meta-analizi nəzərdən keçirərək statistik hesablamalarda səhvlər müəyyən ediblər. Bildirilir ki, məlumatlar düzəldildikdən sonra kolagen dozası ilə dərinin nəmliliyi və ya elastikliyində artım arasında əhəmiyyətli əlaqə aşkarlanmayıb. Bundan başqa, araşdırmaların böyük əksəriyyətinin sənaye tərəfindən maliyyələşdirildiyi və ya müəlliflərin kolagen istehsalçıları ilə kommersiya əlaqələrinin olduğu qeyd edilib.
Məlumata görə, tədqiqatların əksəriyyəti kiçik miqyaslı olub, iştirakçıların yaş qrupları, gündəlik kolagen dozaları və müalicə müddətləri isə bir-birindən ciddi şəkildə fərqlənib. Mütəxəssislər hidrolizə olunmuş kolagenin orqanizmdə peptidlərə parçalandığını, lakin bu maddələrin dəriyə çatıb-çatmadığını göstərən insan tədqiqatlarının kifayət qədər olmadığını bildiriblər. Onların fikrincə, kolagenin dermatologiyada gələcəkdə rolu ola bilər, lakin hazırda onu təsdiqlənmiş qocalma əleyhinə vasitə kimi təqdim etmək elmi baxımdan əsaslandırılmış deyil.