Gömrük Akademiyası növbəti PICARD konfransında təmsil olunub

Gömrük Akademiyası növbəti PICARD konfransında təmsil olunub
15:15 1 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyasının nümayəndə heyəti oktyabrın 22-24 tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində keçirilən 14-cü PICARD ("Gömrük akademik tədqiqatları və inkişafı sahəsində tərəfdaşlıq") konfransında iştirak edib.

Komitədən Trend-ə verilən məlumata görə, Ümumdünya Gömrük Təşkilatının bu konfransı Şimali Makedoniya Respublikasının Maliyyə Nazirliyi və Gömrük İdarəsi ilə birgə təşkil olunub.

Tədbirə 50 ölkədən 240 nümayəndə qatılıb. Dünya Bankı, Avropa Komissiyası, həmçinin beynəlxalq hüquq firmaları və universitetlər daxil olmaqla, hökumət və özəl sektor nümayəndələri də iştirak edib. Konfransda 40-dan çox təqdimat nümayiş olunub.

Dövlət Gömrük Komitəsinin Akademiyasının nümayəndə heyətinə bu ali təhsil ocağının rəisi Qulu Novruzov rəhbərlik edib.

Qulu Novruzov səfər çərçivəsində Şimali Makedoniya Gömrük İdarəsinin Baş direktoru Gjoko Tanasoski, Koreya Gömrük Xidməti Gömrük Sərhədinə Nəzarət Təlim İnstitutunun Baş direktoru Anna Ço ilə görüşərək Azərbaycanda gömrük sahəsində aparılan son islahatlar barədə məlumat verib.

Akademiya rəisinin Niderlandın Delft Texnologiya Universiteti, Polşanın Varşava İqtisadiyyat İnstitutu, Almaniyanın Münster Universiteti, Şimali Makedoniyanın Kiril və Mefodi Universiteti, Rusiya Prezidenti yanında Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının nümayəndələri ilə görüşlərində isə ikili diplom və mübadilə proqramlarının həyata keçirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, Şanxay Gömrük Kollecinin direktoru, professor Conq Yuao, Şimali Makedoniyanın Kiril və Mefodi Universitetinin Regional Təlim Mərkəzinin rəhbəri, professor İrena Kikerkova ilə görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində keçirilən VI Gənclər Forumunda isə Akademiyanın iqtisadiyyat ixtisası üzrə tələbələri "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesində gömrük sisteminin adaptasiyası" mövzusunda məruzə ilə çıxış ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3142682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR