Faiq Həsənov: "Son vaxtlar Azərbaycan şahmatçılarının bu qədər qələbələri olmamışdı"

Faiq Həsənov: "Son vaxtlar Azərbaycan şahmatçılarının bu qədər qələbələri olmamışdı"
00:02 7 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında keçirilən Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi olan Azərbaycan milli komandası Bakıya qayıdıb.
"Report"un məlumatına görə, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov jurnalistlərə açıqlamasında qazanılan qalibiyyəti ölkə idmanının böyük uğuru kimi qiymətləndirib: "1992-ci ildən biz ölkəmizə medalla qayıtmışıq. Lakin son vaxtlar Azərbaycan şahmatçılarının bu qədər qələbələri olmamışdı. Ümumdünya Yeniyetmələr Olimpiadasında hələ belə uğur qazanmamışdıq. Ölkə başçısının idmana, xüsusən şahmata olan diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq turnirlərdə ilbəil ustalıqlarını artırırlar, özlərini ən yaxşı tərəfdən göstərirlər. Üç gün bundan əvvəl qadınlardan ibarət millimizin Avropa çempionatında bürünc medal qazanması, Teymur Rəcəbovun iddiaçılar turnirinə düşməsi, indi də gənclərimizin olimpiadanın qalib olması bu ilin şahmatımız üçün uğurlu il olmasını deməyə əsas verir". 
Qeyd edək ki, Vüqar Manafov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı Aydın Süleymanlıdan ibarət komanda Olimpiadada 16 xal toplayıb. Azərbaycan Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub. Şahmatçılardan ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 9 tura 7 xal qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/asf-nin-vitse-prezidenti-faiq-hesenov-ard-arda-qazanilan-ugurlar-say

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR