“Şəmkir Aqropark”ın təqdimat forumu keçirilib

18:43 16 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+


Şəmkir, 16 yanvar, Sabir Əliyev, AzərTAc
Yanvarın 16-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində “Yeni baxış, yeni imkan-“Şəmkir Aqropark” mövzusunda təqdimat forumu keçirilib.
AzərTAc xəbər verir ki, forumda dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, iqtisadçı alimlər, Kənd Təsərrüfatı Nazirliyinin, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri, Sahibkarlığa Kömək Milli Fondunun, “Synergy Group”, "AtaHoldinq" ASC-lərin rəhbərləri, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının, kənd təsərrüfatı sahəsində qabaqcıl Avropa şirkətlərinin nümayəndələri, yerli və xaricdə fəaliyyət göstərən çoxsaylı azərbaycanlı sahibkarlar və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş “Şəmkir Aqropark”da istehsal və emal müəssisələrinin yaradılması və onun dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi məsələləri müzakirə edilib.
Forumu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov açaraq Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində Şəmkir rayonunda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib, “Şəmkir Aqropark”ın yaradılmasının regionun iqtisadi potensialının yüksəldilməsində əhəmiyyətini vurğulayıb.
“Şəmkir Aqropark” MMC-nin direktoru Zəfər Novruzov layihə barədə forum iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanda ilk dəfə Şəmkir rayonunda 543 hektar ərazidə yaradılmasına başlanılmış “Şəmkir Aqropark”da müasir istixana kompleksləri, şitilçilik, tingçilik, intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistik və aqroservis mərkəzi, soyuducu anbar, “yaşıl market” və fermer mağazaları, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaqdır. Aqroparkın yaradılması regionda fəaliyyət göstərən fermerlərə texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, müasir texnologiyaların tətbiq olunmasına, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına şərait yaradacaq, nəticədə yüksək məhsuldarlığın və mənfəətliliyin təmin edilməsi stimullaşdırılacaqdır. Aqroparkda yaradılacaq təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcəkdir.
Forumda İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, dünyada, xüsusilə regionda davam edən mənfi iqtisadi meyllərə baxmayaraq, Azərbaycanda Dövlət proqramları, layihələr, sahibkarlığa dövlət dəstəyi tədbirləri və s. əvvəlki illərdə olduğu kimi, indi də tam həcmdə icra olunur.
Bildirilib ki, aqrar sektorun modernləşdirilməsi məqsədilə aqroparkların yaradılması əsas hədəflərdən hesab olunur. Azərbaycanda yaradılan aqroparkların əsas üstünlüyü isə bu prosesə dövlətin tam dəstək göstərməsidir. Belə ki, Şəmkirdə aqroparkın yaradılmasını şərtləndirən əsas amil Şəmkirçay dəryaçasının dövlət investisiyaları hesabına tikintisi və böyük torpaq sahələrinin suvarılmasının təmin olunmasındadır. ”Şəmkir Aqropark”ın yaradılmasına da dövlət dəstəyinin göstərilməsi, eyni zamanda, güzəştli kreditlərdən istifadə edilməsi, aqroservis xidmətlərinin təmin olunması nəzərdə tutulur. Aqroparkların yaradılması ixrac coğrafiyasının daha da genişləndirilməsinə və artırılmasına, milli brendlərin formalaşdırılmasına, intensiv metodların tətbiqinə, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərin genişləndirilməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq. Aqroparkda yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin əsas hissəsi sahibkarların vəsaiti və bir hissəsi də dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcəkdir.
Forumda İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “Maf Roda” və Türkiyənin “Beta” şirkətlərinin nümayəndələri təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda “Şəmkir Aqropark” MMC ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “Maf Roda” və Türkiyənin “Beta” şirkətlərinin nümayəndələri arasında gələcək əməkdaşlığın ümumi əsaslarının müəyyən edilməsi məqsədilə Anlaşma memorandumları imzalanıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Semkir_Aqroparkin_teqdimat_forumu_kechirilib-825379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR