Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində çıxışı zamanı deyib.

O xatırladıb ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-həmlə əməliyyatı keçirdi: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən atəşkəs rejiminə nail olundu və 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu. Türkiyə Respublikası və Rusiya Federasiyası arasında 2020-ci il noyabrın 11-də imzalanmış memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzi üç ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Birgə fəaliyyət nəticəsində Mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi”.

K.Vəliyev bildirib ki, Birgə Monitorinq Mərkəzi Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəməyib. “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu üzərində tam nəzarətinin bərqərar olunması məqsədilə ötən il sentyabrda keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tamamilə çıxarıldı. Bu səbəbdən Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir. Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin də ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb. Regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətlərinə görə Türkiyə və Rusiya hərbi qulluqçularına xüsusi təşəkkürümü bildirir və onlara gələcək xidməti döyüş fəaliyyətlərində uğurlar arzulayıram”, - deyə K.Vəliyev bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı