Səudiyyə Ərəbistanının Ciddə şəhərində inşa edilən “JEC Tower” göydələni tamamlandıqdan sonra dünyanın ən hündür binası olacaq.
Metbuat.az xəbər verir ki, layihənin tikintisi bölgədəki gərginliyə baxmayaraq davam edir. Məlumata görə, əvvəllər “Kingdom Tower” və “Jeddah Tower” adları ilə tanınan binanın layihəsini ABŞ-nin AS+GG memarlıq şirkəti hazırlayıb. Tikilinin yekun hündürlüyü hələlik açıqlanmasa da, onun 1000 metr həddini keçəcəyi təsdiqlənib.
Bu göstərici Ciddə qülləsinin hazırda dünyanın ən hündür binası sayılan, 828 metr yüksəklikdəki Dubay Burc Xəlifəsini geridə qoyacağı deməkdir. Layihə başa çatdıqda göydələnin Nyu-Yorkdakı “One World Trade Center” binasından təxminən iki dəfə, Londonun məşhur “The Shard” göydələnindən isə üç dəfədən çox hündür olacağı bildirilir.