“Bəzi deputatlar icbari tibbi sığortaya laqeyd yanaşır” -

“İcbari tibbi sığorta ilə bağlı məsələlərin icrasında müəyyən problemlər üzə çıxacaq”.

Metbuat.az verir ki, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bəzi millət vəkilləri bu qanun layihəsinə laqeyd yanaşırlar: “İki məsələyə toxunmaq istəyirəm. Biz 2020-ci ilin yanvarın 1-dən İcbari Tibbi Sığortaya keçidlə bağlı məlumat vermişik. İndi isə deyirik ki, 2020-ci ilin yanvarın 1-dən mərhələli şəkildə həyata keçiriləcək. Bu haqda əvvəldən düzgün təbliğat aparmaq lazım idi. Biz dövlət büdcəsindən icbari tibbi sığorta üçün kifayət qədər yüksək vəsait ayırırıq. Təklif edirəm ki, bu sığortaya ayrılan maliyyə Əlavə Dəyər Vergisindan azad edilsin. Ümumiyyətlə, icbari tibbi sığorta ƏDV-dən azad edilməlidir”.

Deputat Əflatun Amaşov tibb müəssisələrinin ƏDV-dən azad edilməsini , deputat İlham Əliyev isə özəl tibb müəssisələrinin prosesdən kənarda qalmamasını təklif edib.

Deputat Qənirə Paşayeva da çıxışında prosesə mərhələli qoşulmanın səbəbi geniş şəkildə izah olunmalıdır: “Bu bir ay içərisində həll edilməlidir. Məlum idi ki, pasiyentlərin həkimləri seçmə haqqı olmalı idi. Aydın oldu ki, bu ölkə üzrə yox, regionlar üzrə mümkün olacaq. Hər regionda yaşayan əhali regional mərkəzlərdə fəaliyyət göstərən həkimləri seçmə haqqı olacaq. O zaman həmin regionlarda savadlı kadrlarla təminat məsələsi həll edilməlidir”.

Deputat Siyavuş Novruzov çıxışında qeyd edib ki, “İcbari tibbi sığorta sisteminin tətdbiqi uzun zamandır müzakirə olunur: “ Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var. Bu sahənin mütəxəssisləri ətraflı yenidən cəmiyyətə izah etməlidir. Çünki bu məsələ tək qanunla həll olunası deyil. İnsanlara sığorta sistemdən necə istifadə olunması izah edilməlidir. Bununla bağlı İctimai televiziyada həftədə 3 dəfə veriliş efirə getməli, mütəxəssislər dəvət olunaraq sistemin mahiyyəti izah olunmalıdır. İnsanlar hesab edir ki, qanun qəbul edildi və hansı xəstəliyi olsa sığorta kağızını göstərib müalicə olunub oradan çıxmalıdır. Ona görə də insanlara izah edilməlidir ki, paketə nələr daxildir və proses necə olacaq. Bu işdə peşəkar kadr potensialına ehtiyac var. Kimlərsə bu günə qədər yarım ştat işləyib və bu hansı formada olacaq, seçim necə aparılacaq, hansı həkimlər insanlara xidmət göstərəcək və s. kimi suallar öz cavabını tapmalıdır. Biz həkimlik sistemini hərbi sistem kimi etməliyik. Həkim bölgəyə ezam olundusa, mütləq ora getməlidir. Çalışmalıyıq ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılaqlara səbəb olmasın. Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir. Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar var. Amma hələ də onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil. Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir. İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, pulumu ödəmişəm və tələb edəcək ki, mənə düzgün diaqnoz qoyun. Problem olanda da məhkəmə çəkişmələri başlayacaq. Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bir-iki rayonda bunu həyata keçirmək olar. Bütövlükdə respublikanı əhatə etmək üçün tam şəkildə əminlik olmalıdır. Əminlik olduqdan sonra sistemi ölkə üzrə tətbiq edə bilərik”. (qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR