Baş Nazirdən dərman vasitələri ilə bağlı

Nazirlər Kabineti “Dərman vasitələrinin geri çağırılması Qaydası”nı təsdiq edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Bu Qayda “Dərman vasitələri haqqında” qanunun 12.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yararsız dərman vasitələrinin dövriyyədən çıxarılması qaydasını tənzimləyir və dərman vasitələrinin dövriyyəsinin bütün mərhələlərini (dərman vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı, istifadəsi və tətbiqi) əhatə edir.

Yüksək risk qrupuna daxil olan tibb vasitələri (invaziv tibb vasitələri və tibbi qazlar) bu qaydanın məqsədləri üçün dərman vasitələrinə bərabər tutulur.

Yararsız dərman vasitələri barədə məlumatlar birbaşa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və ya dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibinə, dərman və tibb vasitələrinin istehsalçısına, dərman vasitəsinin topdansatışını həyata keçirən hüquqi şəxslərə, tibb vasitələrinin topdansatışını həyata keçirən fiziki və hüquqi şəxslərə aşağıdakı subyektlər tərəfindən təqdim edilir:

- müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxsləri;

- bu Qaydanın 3.1-ci bəndində göstərilən məsul şəxslər istisna olmaqla, dərman vasitələrinin dövriyyəsində iştirak edən digər təşkilatlar

- tibb və əczaçılıq işçiləri

- istehlakçılar

Qərarda qeyd olunub ki, yararsız dərman vasitəsi barədə məlumatı aldıqdan sonra Qurum və məsul şəxs 5 (beş) iş günü müddətində bir-birini məlumatlandırmalıdırlar. Geri çağırılma elan olunduqdan sonra yararsız dərman vasitəsinin mövcud olduğu bütün müəssisələr geri çağırılma bitənədək həmin dərman vasitəsinin paylanılmasını və satışını dayandırmalıdır.

Qurum tərəfindən geri çağırılma barədə qərar qəbul edildikdən sonra geri çağırılan dərman vasitəsinin istehsalının, idxalının və ya ixracının dayandırılıb-dayandırılmamasına dair qərar qəbul edilməsi üçün 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşısında vəsatət qaldırılır. Nazirlik 3 (üç) iş günü müddətində geri çağırılan dərman vasitəsinin istehsalının, idxalının və ya ixracının dayandırılıb-dayandırılmamasına dair qərar qəbul edir.

Məsul şəxs geri çağırılan dərman vasitəsinin istehsalının, idxalının və ya ixracının dayandırılmasına dair Nazirliyin qərarı barədə Qurumun məlumatını aldıqdan sonra dərman vasitəsinin istehsalını, idxalını və ya ixracını dayandırır.

Dərman vasitəsinin geri çağırılmasına səbəb olan halların təkrarlanmaması üçün görülən tədbirlər barədə məlumatlar məsul şəxs tərəfindən Quruma təqdim edildikdən sonra Qurum tərəfindən dərhal qiymətləndirilmə aparılaraq istehsalın, idxalın və ya ixracın davam etdirilib-etdirilməyəcəyinə dair qərar qəbul edilməsi üçün 2 (iki) iş günü müddətində Nazirlik qarşısında vəsatət qaldırılır. Nazirlik 3 (üç) iş günü müddətində geri çağırılan dərman vasitəsinin istehsalın, idxalın və ya ixracın davam etdirilib-etdirilməyəcəyinə dair qərar qəbul edir.

Qərarla geri çağırılan dərman vasitəsinə görə kompensasiyanın ödənilməsi qaydaları da müəyyənləşib. Belə ki, məsul şəxs dərman vasitələrinin geri çağırılması ilə əlaqədar fiziki və hüquqi şəxslərə dəymiş zərəri tam ödəməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR