“Texnologiyaların yaratdığı imkanlar genişdir. Lakin əsas məsələ insanların həmin texnologiyalardan düzgün və səmərəli istifadə edə bilməsidir. Əgər insanlar bu imkanlardan yararlana bilmirlərsə, texnologiyanın tətbiqi də gözlənilən nəticəni verməyəcək”.

Metbuat.az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) şöbə müdiri Vüsalə Qurbanova “Media üçün Rəqəmsal Səriştələr” tədbirində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, əsas hədəflərdən biri cəmiyyətin bütün təbəqələrini əhatə edən rəqəmsal savadlılıq mühitinin formalaşdırılmasıdır. Bu proses yaşından, məşğulluq vəziyyətindən və fəaliyyət sahəsindən asılı olmayaraq hər bir vətəndaşı əhatə etməlidir.

Vüsalə Qurbanova bildirib ki, ölkədə rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlər müvafiq dövlət strategiyaları və fəaliyyət planlarına əsaslanır.

O vurğulayıb ki, strateji sənədləri birləşdirən əsas istiqamətlərdən biri rəqəmsal iqtisadiyyatın inkişafıdır. Bunun üçün insan kapitalının gücləndirilməsi və müvafiq bacarıqlara malik kadr potensialının formalaşdırılması mühüm əhəmiyyət daşıyır:

"Qarşıya qoyulan əsas hədəflərdən biri də Azərbaycanın rəqəmsal inkişaf göstəricilərinin yaxşılaşdırılması və ölkənin müvafiq beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsidir".