Xəzərdə suyun səviyyəsinin dəyişməsi hansı fəsadlara səbəb ola bilər? - Ekoloq AÇIQLADI

Xəzərdə suyun səviyyəsinin dəyişməsi hansı fəsadlara səbəb ola bilər? - Ekoloq AÇIQLADI
15:58 30 Noyabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsi 1995-ci ildən 2018-ci ilin yanvarınadək Xəzər dənizində suyun səviyyəsinin 1 metr 27 sm enməsi barədə açıqlama yayıb.

Bildirilib ki, hazırda Xəzərdə suyun səviyyəsi mənfi 28 metrə yaxındır və enmə prosesi davam edir.

Məsələ ilə bağlı ekoloq Fikrət Cəfərov Publika.az-a açıqlamasında Xəzərin səviyyəsinin dəyişməsinin təbii hal olduğunu deyib.

Ekspert bildirib ki, Xəzərin səviyyəsinin aşağı olması birinci növbədə Rusiyada qışda yağıntıların az olması ilə əlaqədardır: "Xəzər dənizinin səviyyəsinin qalxması və düşməsi təbii haldır. Ümumiyyətlə, illərlə səviyyə dəyişmir. İki-üç ildir Volqa ərazisində olan torpaqlara düşən qar örtüyü olduqca zəifdir. 90% suyun Xəzərə gətirilməsi Volqadan asılıdır. Qışda qarın qalınlığı az olanda, Volqanın səviyyəsi azalır və bu da Xəzərə gələn suyun həcminin azalması ilə müşahidə olunur. Digər tərəfdən isə yay aylarında Xəzəryanı ölkələrdə quraqlıq keçir, temperatur çox yüksək olur və buxarlanma çoxalır. Bu da bir-birindən asılı olaraq suyun səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır".

Ekoloq Xəzərdə suyun səviyyəsinin enməsinin Azərbaycan iqtisadiyyatına o qədər də ziyan vurmadığını qeyd edib: "Suyun səviyyəsinin qalxması iqtisadiyyata daha çox təsir edə bilər. Ona görə ki, bəzi ərazilərdə daşqınlar olur. Suyun səviyyəsinin azalması ilk növbədə gəmiçiliyə təsir edə bilər. Səviyyənin enməsi bioresurslara da təsir göstərir. Lakin səviyyənin 1 metr düşməyi böyük təsir göstərə bilməz".

Fikrət Cəfərov əlavə edib: "Ekologiya Nazirliyi tərəfindən Salyan rayonunun Xıdırlı kəndi ərazisində yerləşən Dəniz suyunu duzsuzlaşdıran zavodun suyu yalnız yolların ətrafındakı yaşıllıqların suvarılmasında istifadə olunur. Məncə, o hələ bundan sonra da işləyəcək. Ona görə ki, dəniz suyu nasosla götürülüb, zavoda göndərilir".

Ekoloq yayda subasma ilə bağlı riskin aşağı səviyyədə olduğunu deyib: "Ona görə ki, yayda əsasən yağış yağmır. Payız və yaz aylarında olur. Ancaq bir neçə dəfə Kiçik Qafqazda yay aylarında güclü yağışlar yağıb, selə gətirib çıxarmışdı və Qoşqar çayında iki-üç tələbə batmışdı".

Ekoloq Xəzərin Qız qalasına qədər çatacağı ilə bağlı ehtimalların reallığa uyğun olub-olmaması barədə də danışıb: "Məsələ ondadır ki, bu gün beynəlxalq səviyyədə 2 proqnoz var. Birinci proqnoz göstərir ki, Xəzərin səviyyəsi 3 metr aşağı düşəcək. Avropa Ekologiya üzrə Tədqiqatlar İnstitutu belə bir proqnoz vermişdi. İkinci proqnoz isə BMT Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hazırlanmmışdı. Onlar göstərirdilər ki, 2025-2030-cu ilə kimi Xəzərin səviyyəsi 2 metr qalxacaq. Suyun Qız qalasına çatmağına hələ çox səviyyə var".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/297597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR