Bakı, 18 may, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialı AFFA tərəfindən salınmış süni örtüklü meydançada Azərbaycanın əməkdar məşqçisi, tanınmış uşaq futbolu mütəxəssisi mərhum Konstantin Maksimoviç Abramenkonun xatirəsinə həsr olunmuş turnir keçirib.
AZƏRTAC xəbər verir ki, yarışdan əvvəl veteran futbolçular və şəhər idman ictimaiyyətinin nümayəndələri məşqçinin məzarını ziyarət ediblər.
AFFA-nın dəstəyi ilə keçirilən turnirdə 10 komanda mübarizə aparıb. “Gənclər birliyi” yarışın qalib olub.
Turnirin son oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. “Kəpəz” klubunun prezidenti Mehman Allahverdiyev yarışın keçirilməsinə dəstək verdiyi üçün AFFA-ya təşəkkürünü bildirib.
Futbolçulara AFFA tərəfindən diplom, medal, hədiyyələr və kubok təqdim olunub.



