Rufiz Qonaqov: Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır

Rufiz Qonaqov: Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır
20:38 4 Dekabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın müstəqil xarici siyasəti milli maraqlara, ədalətə əsaslanır və ölkəmiz yeni tərəfdaşlar qazanır.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib. O qeyd edib ki, son 15 il ərzində Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardım göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi dünyanın ayrı-ayrı regionlarında yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması və digər sahələrdə layihələr həyata keçirir.
Politoloq bildirib ki, ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətlərlə bərabər, Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır. Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir və bu dəyərləri təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir. Ölkəmizdə bu istiqamətdə bir çox önəmli addımlar atılıb, mötəbər beynəlxalq tədbirlər keçirilib. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü zamanı bəşəri dəyərlərin təbliğinə xüsusi diqqət yetirildi, bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqlik nümayiş etdirildi. Bundan başqa, Bakı daha bir mötəbər tədbirə - Dünya dini liderlərinin II Sammitinə ev sahibliyi edib. Dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçilərinin, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-yə yaxın yüksək səviyyəli nümayəndəsinin qatıldıqları sammitin ölkəmizdə keçirilməsi təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri var.
Politoloq qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə var və bu ölkələr arasında görüşlər üçün Azərbaycanın seçilməsi müstəqil xarici siyasətimizə hörmətin göstəricisidir. Beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verməklə Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır. Dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Bütün bu uğurlar xaricdəki bəzi dairələrin Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/298142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR