Bu şəxslər övladlığa uşaq götürə BİLMƏZ -

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürmək istəyənlərin hansı hallarda bu hüquqdan məhrum ediləcəyi müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsində əksini tapıb.

Valideyn-namizəd uşağı övladlığa götürməyi arzu edən və bunun üçün müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək uçota alınmış Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Layihəyə əsasən, valideyn-namizədlər aşağıdakı qaydada “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemində uçotdan çıxarılacaqlar:

- valideyn-namizəd (namizədlər) vəfat etdikdə onun ölümü barədə məlumat (ölüm tarixi, səbəbi, ölümün qeydə alındığı tarix, ölüm haqqında şəhadətnamənin seriyası və nömrəsi) ədliyyə orqanları tərəfindən altsistemə ötürülür. Məlumatın altsistemdə qeydə alındığı gündən valideyn-namizəd uçotdan çıxarılmış hesab edilir. Uçota alınmış valideyn-namizədlərdən biri vəfat etdikdə, digər valideyn-namizəd tərəfindən məlumatlar yenilənir.

- valideyn-namizəd (namizədlər) vərəm (aktiv və xroniki, lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr), daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri (dekompensasiya mərhələsində olan xəstələr), bədxassəli onkoloji xəstəliklər (III və IV mərhələ), narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion xəstəliklər (dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr), ruhi xəstəliklər (məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər), əmək qabiliyyətini itirməklə I və II dərəcə əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklərdən birinə tutulduqda səhiyyə orqanları bu barədə məlumatları real vaxt rejimində altsitemə ötürürlər. Məlumatlar altsitemdə qeydə alındığı gündən valideyn-namizədlər uçotdan çıxarılır. Valideyn-namizədlərlə birlikdə yaşayan ailə üzvləri vərəm (aktiv və xroniki, lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr), narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion xəstəliklər (dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr), ruhi xəstəliklərdən (məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər) birinə tutulduqda da səhiyyə orqanları bu barədə məlumatları real vaxt rejimində altsitemə ötürürlər. Məlumatlar altsitemdə qeydə alındığı gündən valideyn-namizədlər uçotdan çıxarılır.

- valideyn-namizədlər və yaxud valideyn-namizədlərdən biri sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğu halda uçotdan çıxarılırlar. Valideyn-namizəd (namizədlər) övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsində bu bənddə nəzərdə tutulmuş cinayətləri törətməkdə cinayət təqibi orqanlarının qərarları əsasında təqsirli bilindikləri halda cinayət təqibi başa çatanadək övladlığa götürmənin mənafeyinə uyğunluğunun müəyyən edilməsinin mərhələlərindən kənarlaşdırılırlar. Bu şəxslər barəsində məhkəmə qərarı altsistem tərəfindən Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilir. Onların məhkumluğu barədə məlumat altsistem tərəfindən qeydə alındığı gündən həmin valideyn-namizəd (namizədlər) uçotdan çıxarılırlar.

- DOST Agentliyi tərəfindən valideyn-namizədlə müsahibənin keçirilməsi zamanı övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı müəyyən edildikdə, bu barədə sosial işçi tərəfindən tərtib edilmiş rəydə müvafiq qeyd aparılır. Rəy altsistemə daxil edilir və Agentliyin qərarı əsasında valideynnamizəd (namizədlər) uçotdan çıxarılır. Uçotdan çıxarılmış həmin valideyn-namizəd (namizədlər) təkrar uçota bir ildən sonra alına bilərlər.

Qeyd edək ki, Bu Qaydalar Ailə Məcəlləsinə uyğun olaraq hazırlanıb və valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyin verilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi və övladlığagötürmə sahəsində monitorinqin aparılması qaydalarını müəyyən edir. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunun elektron şəkildə aparılması, valideynnamizədlərlə müsahibələrin keçirilməsi, valideyn-namizədlərin ev şəraitinin yoxlanılması, təlim və imtahanların təşkili, valideyn-namizədlə övladlığa götürülən uşağın uyğunlaşdırılmasının aparılması, valideyn-namizədlə uşaqların yerləşdiyi müəssisələrdə görüşlərin təşkili, övladlığa götürülən uşaqların sınaq müddətində valideyn-namizədin evində yerləşdirilməsi, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyin verilməsi, övladlığa götürmədən sonrakı monitorinqlərin aparılması, eləcə də övladlığagötürmənin ləğvinin tələb edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) tərəfindən həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR