Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Hərbi akademiyalar komandanı, ordu generalı Abdullah Rəcəbin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov qonaqları səmimiyyətlə salamlayaraq, nazirliyin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər barədə ümumi məlumat verib.
Nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən yaradılmış Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti haqqında ətraflı söhbət açıb. Kəmaləddin Heydərov Akademiya ilə Türkiyə Respublikasının müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Abdullah Rəcəb Türkiyənin müvafiq qurumlarının Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə mövcud əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib. O, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması istiqamətində böyük imkanların mövcudluğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.