"Aprel döyüşləri təkrarlana bilər, bu dəfə 4 gün deyil..." -

ATƏT-in 26-cı Nazirlər Şurasının iclası çərçivəsində Bratislava şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşü baş tutdu. Bildiyimiz kimi, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qızğın müzakirələr keçirilib.

XİN rəhbərlərinin həmin görüşü ilə bağlı Metbuat.az-ın suallarını beynəlxalq münasibətlər üzrə ekspert Ehtiram Aşırlı cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində 3 saat yarımlıq görüşü baş tutdu. Hər iki ölkənin XİN rəhbərləri danışıqların davam etdirilməsinin vacib olduğunu bildirib və gələn ilin əvvəlində növbəti görüşün baş tutacağı barədə razılaşıblar.

Necə düşünürsünüz, XİN başçılarının 3 saatdan çox davam edən gərgin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində məhsuldar sayıla bilərmi?

- Əvvəlcə onu qeyd edim ki, hər iki ölkənin Xarici İşlər nazirləri arasında baş tutan görüşün 3 saat yarım davam etməsi, əslində görüşün gərgin məcrada baş tutmasından xəbər verir. Ələlxüsus, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun görüşdən sonra verdiyi açıqlamalar bunu bir daha təsdiq edir. Əsasən də, nazir Elmar Məmmədyarovun Mnatsakayana ATƏT-in Helsinki Yekun Aktını bir də oxusun şəkilində cavabı Bratislava görüşünün səmərəsiz keçdiyini göstərir.

Hesab edirəm ki, baş tutan görüş hər iki tərəfi qane etməyib. Azərbaycan öz qəti mövqeyini nümayiş etdirsə də, Ermənistan tərəfi yenə də status-kvonu qoruyub saxlamağa çalışır. Ona görə danışıqlar prosesində heç bir irəliləyiş yoxdur.

Siyasi analitik Ehtiram Aşırlı düşünür ki, Rusiyanın münaqişə tərəflərinə yeni təklifləri var.

- Digər maraqlı məqam isə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun baş tutan görüş öncəsi həm Ermənistana, həm də Azərbaycana səfər etməsidir. Görüşün 3 saatdan çox davam etməsindəki əsas amillərdən biri də Rusiyanın hər iki tərəfə təkliflər paketi ilə gəlməsi ehtimalını gücləndirir.

- Münaqişənin həllindən ötrü müxtəlif addımlar atılmaqdadır. Misal üçün, hər iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərləri təşkil olunub.

Sizcə, belə təşəbbüslər Qarabağ probleminin həllində nə dərəcədə effektiv ola bilər?

- Hər iki tərəfi təmsil edən jurnalistlərin bölgəyə səfər etməsi bir ilk deyil. Əvvəlki dövlərdə də bu şəkildə olmasa da, buna bənzər səfərlər təşkil edilib. O dövrdə təşkil edilən səfər necə ki, danışıqların həlli istiqamətində müsbət təsir göstərməyibsə, bu son addım da heç bir effektiv təsir göstərməyəcək. Çünki Azərbaycan tərəfi nə qədər də münaqişəni sülh yolu ilə həll etməyə çalışsa da, erməni tərəfi də bir o qədər status-kvonu qoruyub saxlamağa çalışır.

Onu da qeyd edim ki, düşmən tərəfinin jurnalisti Bakıya gəlib qayıtdıqdan sonra öz Feysbuk səhifəsində bildirib ki, yaxşı ki, biz bu müharibəni (Qarabağ) qazanmışıq, əks halda bizim xəritədəki yerimizi düşünmək belə istəmirəm.

Buradan da məlum olur ki, ermənilər bu cürə səfərləri siyasiləşdirməklə yanaşı, həmçinin öz xislətlərindən əl çəkmirlər.

Bir sözlə, belə səfərin təşkil olunması Qarabağ münaqişəsinin həllinə dair hansısa bir müsbət təsir göstərəcəyi çox da inandırıcı deyil.

- Nazir Elmar Məmmədyarov Milanda keçirilən son Nazirlər toplantısında əldə olunmuş humanitar razılaşamalara Ermənistanın əməl etmədiyinə, eləcə də əsirlikdə olan Dilqəm və Şahbazın dəyişdirilməsini istəmədiyinə diqqət çəkdi. Biz, eyni zamanda ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında tərəfləri humanitar addımlar atmağa çağıran fikirlərin də yer aldığını gördük.

Necə hesab edirsiniz, Xarici İşlər Nazirlərinin 2020-də baş tutacaq növbəti görüşünədək Ermənistan tərəfi sülhyönümlü danışıqlara gedərək, əsirlərin dəyişdirilməsi mövzusunda real addım atacaqmı?

- Azərbaycan tərəfi indiyə qədər baş tutan bütün görüşlərdə münaqişənin sülh yolu ilə həllinə nail olmaq istədiyini ATƏT-in həmsədrlərinə və bütün dünya ölkələrinə sübut edib. Ermənistan rəhbərliyi isə əksinə radikal və əsassız çıxışlar etməklə danışıqların gedişinə zərbə vurur.

Düşünmürəm ki, 2020-ci ildə danışıqlar adına hansısa müsbət məqamlar qeydə alınsın. Xüsusən də, əsirlərin dəyişdirilməsi məsələsində qondarma rejim tərəfinin separatçı nümayəndələri bildirirlər ki, belə bir şey baş verərsə, bu vətənə xəyanət olacaq. Habelə Ermənistan rəhbərliyi bu məsələdə heç bir addım atmır, qərarın qondarma rejimin verəcəyini deyir. Bu mənada, hesab etmirəm ki, bu yöndə də hansısa bir müsbət dəyişiklik baş versin.

- Növbəti illərdə danışıqlar müsbət fazaya keçə bilərmi və münaqişənin həllindən ötrü Ermənistan tərəfindən hər hansısa bir konstruktiv addım görəcəyikmi?

- Əksinə, Xarici İşlər nazirləri səviyyəsində baş tutan bu sonuncu görüşdən sonra fikrimcə, Ermənistan rəhbərliyi yenidən radikal fikirlər səsləndirməyə başlayacaq. Və ən əsası da cəbhədə yenidən vəziyyəti gərginləşdirərək Azərbaycan ordusunu müharibəyə təşviq etməyə cəhd göstərəcəklər.

Ümumiyyətlə, 2020-ci ilin region üçün gərgin bir il olaraq keçəcəyini proqnozlaşdırıram. Bu baxımdan, Aprel döyüşlərinin təkrarlana biləcəyini, lakin bu dəfə 4 gün deyil, daha çox davam etmə ehtimalının olduğunu söyləyə bilərəm.

Fərrux Həsənov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR