Uqandada 15 il ərzində 38 nəfəri öldürməkdə və onların cəsədlərini yeməkdə şübhəli bilinən Mujurizi Moses adlı şəxs saxlanılıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, şübhəlinin saxlanıldığını Uqanda Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Muhoozi Kainerugaba açıqlayıb.
Onun sözlərinə görə, Mujurizi Moses 2010-2025-ci illər ərzində ölkənin Masaka, Ibanda və Kazo bölgələrində törədildiyi iddia olunan qətllərlə əlaqələndirilir. Kainerugaba şübhəlini Uqanda tarixinin ən təhlükəli seriyalı qatillərindən biri kimi xarakterizə edib.
Məlumata görə, istintaq materiallarında qurbanların evlərinə gecə saatlarında daxil olmaq üçün divarların deşildiyi və evdə yatan ailə üzvlərinə pala ilə hücum edildiyi bildirilir.
Hadisələr arasında Pentikostal kilsəsinin pastoru Steven Mugambenin ailəsinin öldürülməsi də qeyd olunur. Masaka bölgəsində oxşar üsulla törədilən bir sıra qətllərlə bağlı araşdırmaların davam etdiyi bildirilir.
Polis qeydlərində şübhəlinin Fred Mujulizi və Kulaish Kamugisha kimi fərqli adlarla da axtarıldığı qeyd edilir.
Xarici KİV-də yer alan məlumata görə, şübhəlinin sonuncu ehtimal olunan cinayəti sentyabrın 28-də qeydə alınıb. Onun Masaka bölgəsində bir qadını evlilik və romantik münasibət vədi ilə aldadaraq tələyə saldığı və daha sonra öldürdüyü iddia olunur.
Şübhəlinin saxlanılmasından sonra yaxınlarını itirmiş bir sıra ailələr polisə müraciət edib. Hüquq-mühafizə orqanları hadisələrlə bağlı araşdırmaları davam etdirir.