Hazırda Rusiya-Azərbaycan münasibətləri çox stabildir.
Metbuat.az xəbər verir ki, bu sözləri Rusiya Federal Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozin deyib.
“Həm infrastruktur layihələri, həm də karbohidrogenlər üzrə beynəlxalq formatlar çərçivəsində razılaşmalar nöqteyi-nəzərindən siyasi dialoq çox yaxşıdır. Mən özüm də yanvarın sonunda Bakıya gəlmək istəyirəm, çünki Azərbaycan Kosmik Agentliyi ilə razılaşmamız var. Biz bundan sonra da qarşılıqlı fəaliyyətə hazırıq”, - Roqozin bildirib.
Kosmik sahədə münasibətlərin inkişafı məsələsinə toxunan Roqozin əməkdaşlığın möhkəmləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bu məsələləri müzakirə etmək istədiyini vurğulayıb.
Sankt-Peterburqda Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüş barədə danışan “Roskosmos” rəhbəri Azərbaycan liderinə səmimi rəğbət bəslədiyini bildirib:
“Bizim İlham Əliyevlə də, yəqin ki, 20 ildir çox yaxın və yaxşı münasibətlərimiz var. Bizim atalarımız dostluq ediblər. Buna görə də ona rəğbətim var”.