"Son illər ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib. Bu, deyə bilərəm ki, çox nadir hallarda dünya miqyasında baş verir".
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində deyib.
Dövlət başçısı bildirib: "Hesab edirəm ki, Azərbaycan bu sahədə ən düzgün siyasət aparır. Çünki bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə o vətəndaşlar ki, öz həyatını Vətən uğrunda qurban vermişdir və sağlamlığını itirmişdir. Bundan sonra da bu siyasət davam etdiriləcək. Gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur, yəni, bu ildən fərqli olaraq iki dəfə çox. Baxmayaraq ki, bu ilin əvvəlində 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulurdu. Ancaq əlavə vəsaitin ayrılması nəticəsində bu mənzillərin və evlərin sayı 900-ə çatıbdır, o cümlədən yüzlərlə minik avtomobili də verilib. Belə gözəl binada yaşamaq əlbəttə ki, çox xoş olacaq. Bir daha demək istəyirəm ki, siz buna layiqsiniz.
Azərbaycan dövləti sosial təminat sahəsində çox genişmiqyaslı və düzgün siyasət aparır. İlk növbədə, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunurlar. Eyni zamanda, işğaldan əziyyət çəkən soydaşlarımız, məcburi köçkünlər üçün bu il 5 min mənzil və fərdi ev təqdim olunub. Beləliklə, bu kateqoriyadan olan vətəndaşlara bu il təqribən 6 minə yaxın ev və mənzil verilib. Bu, o deməkdir ki, biz bir şəhər boyda evlər tikmişik və layiq olan vətəndaşlara təqdim etmişik. Mən ikinci ölkə tanımıram ki, bu sahəyə bu qədər diqqət ayrılsın. Bu, bir daha göstərir ki, bizim bu sahədəki siyasətimiz həm düzgündür, həm ədalətlidir. Bu siyasət davam etdiriləcək. Çünki hələ də növbədə dayanan vətəndaşlar var. Şəhid ailələri arasında təqribən 2 mindən çox vətəndaş növbədə dayanır. Onların da problemləri yaxın 2-3 ildə həllini tapacaq".