Allah həm yaxındır, həm uzaq. Necə?

Allah həm yaxındır, həm uzaq. Necə?
12:22 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Qurani-Kərimdə Uca Allah barəsində iki cür ayələr vardır. Bu ayələrin birində buyurulur: "Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə də yalnız Ona ibadət edin. O, hər bir şeyin qoruyanı, tədbirini tökən və ixtiyar sahibidir". ("Ənam" 102).

"Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, İlahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir.

Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir". ("Hədid" 4).

"Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda, (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar". ("Bəqərə" 186).

Bu ayələrinin bəzilərində Allahın insandan sonsuz şəkildə uzaq olduğu bəyan edilmişdir. Bəzilərində isə Allah buyurur ki, Mən sizə boynunuzun şah damarından da yaxınam.

Allah haqqında bu iki cür bəyan ona görədir ki, Quran adi kitab deyildir. Qurani-Kərim İlahi kitab olaraq mərtəbələrə malikdir. Ən uca mərtəbəsi həmin Ümmil-kitabdır. Necə ki, bu ayə onu təsdiq edir: "Həqiqətən bu (Qur'an) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir". ("Zuxruf" 4).

Quranın başqa mərtəbəsi həmin mərtəbədir ki, mələklərin əlində Kərami Bərarədir. "(Onun üzünü Lövhi-Məhfuzdan köçürən)mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə. (Onlar) yaxşı iş görən əzizlərdir". ("Əbəsə" 15-16).

Nazil olmaq mərhələsi insanların yanında ərəb dilində olmuşdur. Allah Təala bu cür Quran dedikdə, hidayət kitabını nəzərdə tutur. Quran eyni zamanda qeyb kitabıdır və qeybdə Allah tərəfindən həkk olunmuş və Peyğəmbərin (s) mübarək qəlbinə nazil olmuş uca Kitabdır.

O zaman ki, insan Quranın bu uca məqamına nəzər salır, özünü daha çox həqir hiss edir. Çünki görür ki, Allah necə həqiqətləri söz şəkilində insana təqdim etmişdir ki, onu dərk etsin və hidayət olsun. O zaman ki, insan Quranın uca məqamına nəzər salar, Allahdan nə qədər uzaq olduğunu anlayar. O zaman ki, nazil olmasına diqqət edər, yaxın olduğunu dərk edər.

Qurani-Kərim - Allahın təcəllisidir. Allahın malik olduğu sifətlərə malikdir. Necə ki, Allah ali və uca olmasına baxmayaraq, həm də yaxındır, yaxın olduğu halda həm də uca və ali məqamlıdır. Həm uzaqdır, həm yaxındır. Həm alidir, həm əlçatandır.

Quranın da Allah kimi qürb məqamı, uzaq olması, ali və alçaq olma məqamları vardır.

"Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın "möhkəm", həmçinin bu cür "mütəşabih" ayələri vardır.

And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir). And olsun bu aydın və (haqq ilə batilə, dinin əsasları ilə qollarına və halal ilə harama) aydınlıq gətirən kitaba ki, Biz bu kitabı bəlkə (bu kitabın təqdim edildiyi ilk ümmət olan) siz (onun həqiqətləri barəsində) düşünəsiz deyə, ərəbcə olan bir Qur'an etdik". ("Zuxruf" 1-3).

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR