Dostunun sevgilisi ilə gizli eşq yaşayan şorgöz “supermen” - SİRLİ ULDUZLAR - FOTO

Dostunun sevgilisi ilə gizli eşq yaşayan şorgöz “supermen” - SİRLİ ULDUZLAR - FOTO
14:17 3 Yanvar 2020
114 İdman
Ölkə mətbuatı
A- A+

O, futbol tarixinin ən bahalı transferidir. Etdiyi driblinqlər və vurduğu baxımlı qollarla yanaşı, maraqlı saç düzümü, tez-tez sevgili dəyişməsi ilə də diqqət mərkəzinə düşməyi bacarır.

Milli.Az Lent.az-a istinadən Braziliya yığmasının və PSJ klubunun hücumçusu Neymar haqda maraqlı faktları oxuculara çatdırır.

Atasının davamçısı

Bütöv adı Neymar da Silva Santos Junior olan superulduz 1992-ci il fevralın 5-də Braziliyanın Moji-das-Kruzis şəhərində dünyaya göz açıb. Atası və adaşı Neymar Santos da vaxtilə futbolla məşğul olub. Daha sonra zərgərlik məmulatları, zinət əşyaları satışına başlayıb. Anası Nadin Santos isə evdar qadın idi. Neymarın özündən kiçik, Rafaella adlı bacısı da var.

Neymar anadan olandan sonra valideynləri əvvəlcə San-Visenteyə, oradan isə Santosa köçməyə qərar verir. Uşaqlıq illərinin keçdiyi ev sakit məhəllədə yerləşirdi. Topla ilk tanışlığından ona "vurulan" Neymar səhərdən axşamadək məhəllə uşaqları ilə futbol oynayardı. Şəraitsizliyə baxmayaraq, xəyallarının dalınca getməkdən vaz keçmirdi.

"Pul qazanandan sonra o evdən köçdük"

"Yaşadığımız rayonda sosial şərtlər pis idi. Düzdür, indi vəziyyət bir az düzəlib. Amma həmin vaxt durum çox acınacaqlıydı. Rayonumuz şəhərin zibilliyi sayılırdı. Oğlum isə buna fikir verməz, bütün günü topla oynayardı. Uşaq yaşlarından ona elə tərbiyə verirdik ki, arzularının həyata keçməsi üçün mübarizə apara bilsin. Şən, hiperaktiv uşaq olub, indinin özündə də elədir. Uşaq vaxtı Supermen olmaq istəyirdi. Həyat yoldaşımla qərara almışdıq ki, övladlarımızın seçimlərinə qarışmayacağıq. Elə də etdik. Əmin idim ki, oğlum gələcəkdə böyük futbolçu olacaq. Neymar futboldan pul qazanana qədər həmin evdə yaşadıq, sonra isə oradan köçdük", - atası Neymarın uşaq illərini yada salır.

Çimərlikdə kəşf edilən istedad

Neymara Tanrı tərəfindən böyük istedad verildiyi kiçik yaşlarından bəlli idi. Məhəllə futbolunda həmişə seçilərdi. İlk məşqçisi ilə qarşılaşanda isə cəmi 6 yaşındaydı. "1998-ci il idi. San-Pauloda çimərlik kənarındaydım. Birdən gördüm ki, azyaşlı uşaqlar futbol oynayırlar. Aralarında biri diqqətimi cəlb etdi. Yaşca ən balaca olsa da, topla digərlərinin başına oyun açırdı. Baxdım ki, qumun üstündə sürətli qaça bilir, topla davranışı və koordinasiyası əladır. Öz-özümə dedim: "Bu uşaq gələcəkdə böyük futbolçu olacaq". Və budur: Neymar hazırda superulduzdur!", - bu sözləri ilk məşqçisi, Neymarın istedadını açan Betinyo deyir.

450 min dollara görə "Real"a keçmir

Atası tərəfindən 7 yaşında futbola yazılan Neymar Junior 2003-cü ildə isə "Santos"un akademiyasına cəlb olunur. Kiçik yaşlarından "ikinci Robinyo" adlandırılan "sambaçı" zaman keçdikcə ondan da böyük futbol olacağını, Pele, Ziko, Ronaldo və Ronaldinyo ilə müqayisə olunacağını hiss etdirirdi. Dünyanın ən böyük klublarından sayılan "Real" azyaşlı istedadın izinə düşəndə Neymarın cəmi 14 yaşı var idi. Həmin vaxt "qalaktikos"un akademiyasına yollanan "sambaçı" tibbi müayinədən də keçir. Lakin müqavilə imzalamağın bir addımlığında olan Neymarı, daha doğrusu, valideynlərini son anda "Santos" rəhbərliyi fikrindən daşındıra bilir. Necə? Neymar ailəsinə 450 min dollar verməklə. Nəticədə Neymar "Real" rəhbərliyini məyus edərək, Braziliyaya qayıdır. Həmin pulla valideynləri yeni ev alırlar.

"Santos"da qazandığı uğurlar

2008-ci ildə "Santos"la ilk peşəkar müqaviləsini bağlayan Neymar 1 il sonra doğma klubunun heyətində debüt edir. Meydana çıxdığı 2-ci oyunda qol hesabını açan braziliyalı istedadın beləcə peşəkar karyerası başlayır. 2010-cu ildə "Santos" San-Paulo ştatının çempionu olur. Neymar isə çempionatın ən yaxşı futbolçusu seçilir. Sonra Braziliya kubokunu qazanırlar və Neymar 11 qolla həmin turnirin bombardiri olur. Ardınca "Santos" Cənubi Amerikanın ən böyük klub turniri sayılan Libertadoresin qalibi adına yiyələnir. Neymar 2011-ci ildə FİFA-nın ən baxımlı qola görə verilən Ferents Puşkaş mükafatına layiq görülür. Onun "Flamenqo"nun müdafiə xəttini təkbaşına yararaq vurduğu qol hələ də yaddaşlardadır. "Santos"un əsas komandasında 4 il keçirən Neymar 223 oyunda 136 qola imza atır.

"Barselona" karyerası başlayır

Bu cür performansla Avropa nəhənglərinin diqqətindən kənarda qala bilməzdi. "Real", "Barselona", "Çelsi", "Mançester Yunayted", "Yuventus" və "Milan" kimi klubların rəsmiləri Neymarın "qapısına düzülmüşdülər". İstəyinə çatan isə "Barselona" olur. Neymar 2013-cü ildə 57 milyon avro qarşılığında Kataloniya klubuna keçir. Müqavilənin şərtlərinə görə həmin məbləğin böyük hissəsi "Santos"un deyil, futbolçunun atasının bank hesabına köçürülür. Axı atası Neymarın həm də meneceridir.

"Sambaçı" "Barselona"da qol hesabını İspaniya Superkubokunda "Atletiko" ilə matçda açır. Sonradan meydana çıxan Neymara qol vurmaq üçün cəmi 6 dəqiqə bəs edir. İlk mövsümündə 13 dəqiqə ərzində "Seltik"in qapısından 3 qol keçirməklə "Barselona"da ən tez het-trik edən futbolçu statusunu Lionel Messidən alır. Kataloniya klubunun formasını geyindiyi 4 mövsüm ərzində 2 dəfə La Liqa, 3 dəfə Kral Kuboku, 1 dəfə İspaniya Superkuboku, həmçinin Çempionlar Liqası və Klublararası dünya çempionatının qalibi adını qazanır, 186 oyunda 105 qola imza atır.

222 milyonluq transfer

2017-ci ildə isə Neymarın "Barselona" rəhbərliyinə ultimatum verdiyi haqda xəbər yayılır. Superulduzun rəhbərlikdən köməkçi-məşqçi Xuan Karlos Unsuenin göndərilməsini istədiyi, əks təqdirdə özünün "Barsa"dan gedəcəyini bildirdiyi məlum olur. Problem nə idi? Məşqlərin birində Unsuenin Neymara təpinməsi futbolçunun narazılığına səbəb olmuş, nəticədə aralarında mübahisə yaranmışdı. Haqqında digər söz-söhbətlər də dolaşan Neymar yekunda PSJ-yə keçməyə qərar verir, özü də fantastik məbləğ - 222 milyon avro qarşılığında. Artıq 3-cü mövsümdür ki, parislilərin uğurları üçün çalışan superulduz Fransada mümkün olan bütün titulları qazansa da, PSJ ilə Çempionlar Liqasının kubokunu hələ başına üzərinə qaldıra bilməyib.

Dunqa onu dünya çempionatına aparmır

Neymar Braziliya yığmasının da əsas üzvlərindən sayılır. 27 yaşı olmasına baxmayaraq, millidə 100 qol səddini artıq keçib. Pentakampeonların heyətində debütü isə 2010-cu ilin avqustunda baş tutub. Halbuki buna qədər həmin il keçirilən dünya çempionatına da Neymarın aparılacağı gözlənirdi. Yerli azarkeşlər bunun üçün kampaniyaya başlamışdılar. Həmin kampaniyaya Pele və Romario kimi əfsanəvi futbolçular da qoşulmuş, ancaq baş məşqçi Karlos Dunqa fikrindən dönməmişdi. Sonrakı 2 mundiala yollansa da, Neymar hələ dünya çempionu ola bilməyib.

19 yaşında ata olur

Neymar sevgi romanları ilə də məşhurdur. Oynadığı klublarla müqayisədə eşq macərası yaşadığı sevgililərinin sayı qat-qat çoxdur. 19 yaşında Cənubi Amerikanın ən yaxşı oyunçusu seçilən superulduz həmin il daha bir şad xəbər alır. Söhbət ata olmasından gedir. 17 yaşlı sevgilisi Karolina ona oğlan uşağı dünyaya gətirir. Körpənin adını Davi Lukka qoyurlar. Ancaq övlad sahibi olması belə, Neymarın sevgilisi ilə ayrılığının qarşısını ala bilmir. Amma oğluna çox bağlıdır. Onun tərbiyəsinə, yaxşı şərtlər altında yaşamasına xüsusi fikir verir.

Rihanna ilə eşq romanı

İspaniyaya köçənə qədər 2 il aktrisa Bruno Markezini ilə münasibət yaşayır. "Barselona"ya keçəndən sonra az-az görüşmələri aktrisanın ürəyincə olmadığından ayrılırlar. Elə həmin il Neymar braziliyalı model Qabriella Lenzi ilə görüşməyə başlayır. Cütlüyün tezliklə evlənəcəyi haqda xəbərlər yayılsa da, futbolçu bunu təkzib edir, ailə qurmaq barədə düşünmədiyini bildirir.

Serbiyalı model Sara Vuçeliçlə də qısa müddət eşq yaşadıqdan sonra 2016-cı ildə eks sevgilisi Bruno Markezini ilə münasibətləri bərpa edir. Həmin vaxt Neymarın aktrisaya üzük hədiyyə etdiyi bildirilsə də, yenidən ayrılırlar. Superulduzun növbəti sevgililəri Covanna Lançellotti, Xloya Qreys Morets, Karolina Kaputo, Daniela Karvalyo, Nikol Bals və Barbara Evans olur. Hətta bir müddət adı müğənni Rihanna ilə də birgə hallanır.

"Şorgöz" olması üzündən yaxın dostu, kolumbiyalı tanınmış müğənni Maluma ilə arası dəyir. Səbəb onun sevgilisi Natalya Baruliçlə gizli eşq yaşaması olur. Bundan sonra münasibətləri pozulan Maluma və Natalya ayrılırlar.

PSJ-nin hücumçusu 2019-cu ildə də şəxsi həyatı ilə gündəmə gəlməyi bacarıb - "Barselona"nın futbolçusu Artur Melonun keçirdiyi əyləncə gecəsinə yeni sevgilisi, ispan model Noa Saezlə qatılmaqla.

Başı eşq macəralarına qarışan Neymar ailə qurmağa tələsmir. Jurnalistlər ona hər dəfə bu barədə sual verəndə isə bütün diqqətini futbola yönəltdiyini bildirir. Sizcə, inandırıcıdırmı?

Maraqlıdır

Bacısını çox istəyən Neymar onun şərəfinə əlinə tatuaj çəkdirib.

Əsas hobbisi musiqidir. Həm musiqi dinləməyi, həm də rəqs etməyi sevir.

San-Pauloda aztəminatlı ailələrin övladları üçün xüsusi müəssisə açıb. Bu layihə 10 min insanın təkcə idmanla məşğul olmasına deyil, həm də təhsil alması və tibbi müayinədən keçməsinə şərait yaradır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR