Uşaq Səfirlər Məclisinin əsasnaməsi təsdiqlənib -

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılması elan edilən Uşaq Səfirlər Məclisinin əsasnaməsi təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bu əsasnamə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi Uşaq Səfirlər Məclisi layihəsinin icrasını təmin etmək, eləcə də layihə əsasında qurulacaq Məclisin təşkilati və hüquqi fəaliyyətinin əsas prinsiplərini tənzimləmək məqsədilə tərtib edilib.

Əsasnaməyə əlavə və dəyişikliklər yalnız Komitənin səlahiyyətli şəxsləri tərəfindən edilə bilər.

Uşaq Səfirlər Məclisi uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının formalaşması, ictimai fəallığının artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi, iştirak hüququnun təmin olunması, eləcə də onlarda idarəetmə mədəniyyətinin formalaşdırılması, uşaqların fəal vətəndaşlıq və qanunun aliliyi ruhunda istiqamətlənməsi, uşaq hüquqlarının pozulması və ya ona səbəb ola biləcək hallarla rastlaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi məqsədi daşıyır.

Əsasnamə ilə Məclis üzvlərinin vəzifələri müəyyənləşib və nəzərdə tutulan gözləntilər qeyd olunub.

Belə ki, Məclisin müvafiq qaydalarını anlamaq və ona uyğun davranmaq, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etmək, lider olaraq xidmət etmək üstünlüyünü anlayaraq uşaqların ən yaxşı maraqları naminə hərəkət etmək, bütün üzvlərə münasibətdə hörmət, açıq fikirlilik və dözümlülük göstərmək, Məclisin fəal üzvü olaraq onun inkişafına töhfə verəcəyini anlayaraq ictimai və şəxsi mühitdə peşəkarlıq nümayiş etdirmək, birlikdə və fərdi olaraq şəhər və rayonları təmsil etmək məsuliyyətini anlamaq, Məclis üzvü olaraq şəxsi məsuliyyətini anlamaq, qaydalara əməl etmədiyi təqdirdə Məclisdən kənarlaşdırılacağını anlamaq əsas vəzifələrdən hesab edilib.

Əsasnamədə qeyd olunub ki, Uşaq Səfirlər Məclisinə sədr rəhbərlik edir. Məclis sədri iş bölgüsü aparır, iclaslar keçirir və ümumi fəaliyyət üçün məsuliyyət daşıyır. Sədr və müavinlər seçilmiş səfirlərin gizli səsverməsi yolu ilə təyin olunur.

Belə ki, aylıq görüşlərə qatılmaq (xəstələnmə və digər üzrlü səbəblər istisna olmaqla), Məclis görüşlərinin planını hazırlamaq və görüşləri təşkil etmək, ayda 40 saata qədər (məcburi tələb deyil) işləmək, Məclis üzvləri ilə mütəmadi ünsiyyət saxlamaq, Məclis üzvlərinin davamiyyətini yoxlamaq, Komitə ilə mütəmadi əlaqədə olmaq və bir layihəni həyata keçirmək Məclis sədrinin vəzifələridir.

Qeyd olunub ki, uşaqlara Məclisin üzvü olaraq xidmət etmək, müvafiq dövlət və qeyri-dövlət orqanlarının rəhbərləri, nümayəndələri ilə görüşərək uşaqların təşəbbüslərini çatdırmaq imkanı əldə etmək, liderlik, idarəetmə bacarıqlarını inkişaf etdirmə imkanı qazanmaq, təmsilçiliyi öyrənmək, müvafiq sahədə fəaliyyət göstərən təşkilatlar, icma orqanları ilə əlaqələr qurmaq, dövlət, hökumət anlayışına sahib olmaq və bu sahədə biliklərini artırmaq uşaqlara yaradılan imkanlar olacaq.

Əsasnamədə qeyd olunub ki, bütün üzvlər Məclis daxilində etik normalar və nizam-intizama əməl etməli, hər hansı qaydanın pozulması halında Məclis tərəfindən müvafiq tədbirlər görüləcək.

Eyni zamanda Məclisdə üç üzrsüz səbəbdən iştirak etməmə fəaliyyətin dayandırılmasına səbəb olacaq. Məclisin digər üzvlərinə qarşı zorakılıq və kobu davranma halları zamanı faəliyyətin dayandırılması və ya müvafiq cəza tədbirlərin görülməsi həyata keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR