Azərbaycanda dövlət qurumlarında rəqəmsal transformasiya prosesinə məsul rəhbər şəxslərin müəyyənləşdirilməsi və onların peşəkar hazırlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Metbuat.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mərkəzi icra hakimiyyəti orqanlarında rəqəmsal transformasiya prosesinə məsul rəhbər şəxslərin, o cümlədən nazir müavinləri səviyyəsində müvafiq vəzifəli şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Vüsalə Qurbanova qeyd edib ki, bu proses bütün müvafiq dövlət qurumlarını əhatə edir. Məqsəd rəqəmsal transformasiya sahəsində idarəetmənin gücləndirilməsi, məsul şəxslərin bilik və bacarıqlarının artırılması, eləcə də onların müasir rəqəmsal idarəetmə prinsiplərinə uyğun hazırlanmasıdır.
İRİA rəsmisi bildirib ki, ilin əvvəlində təşkil olunan onlayn təlimlərdə 100 nəfər iştirak edib. Daha sonra keçirilən iki məlumatlandırma sessiyasına isə ümumilikdə 176 nəfər cəlb olunub.
O, həmçinin Rəqəmsal Akademiya çərçivəsində 315 nəfər rəhbər kadrın hazırlanması istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb.
Vüsalə Qurbanovanın sözlərinə görə, Stanford Universiteti ilə əməkdaşlıq çərçivəsində noyabr və dekabr aylarında növbəti məlumatlandırma sessiyalarının keçirilməsi nəzərdə tutulur.
"Üç gün davam edəcək proqramların bir günü tam olaraq nazir müavinləri üçün ayrılacaq. Həmin gün səhərdən axşamadək rəqəmsal transformasiya, idarəetmə və müvafiq sahələr üzrə biliklərin artırılmasına yönəlmiş sessiyalar təşkil ediləcək.
Bununla yanaşı, Stanford Universitetinin təlim proqramlarında iştirak etmiş şəxslərə sertifikatların təqdim olunması da planlaşdırılır".
Vüsalə Qurbanova vurğulayıb ki, həyata keçirilən tədbirlər dövlət qurumlarında rəqəmsal transformasiyanın daha sistemli şəkildə aparılmasına, rəhbər kadrların bu sahədə səriştələrinin inkişafına və dövlət idarəçiliyində rəqəmsal yanaşmaların genişləndirilməsinə xidmət edir.