Azərbaycanda əhalinin rəqəmsal savadlılıq səviyyəsinin 2030-cu ilədək 70 faizə çatdırılması hədəflənir.

Metbuat.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova Bakıda keçirilən “Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, İRİA tərəfindən 2023–2024-cü illərdə aparılan qiymətləndirmə ölkədə rəqəmsal savadlılıq səviyyəsinin 25 faiz olduğunu göstərib. Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) iştirakı ilə keçirilən araşdırma şagirdləri, tələbələri, müəllimləri, ev təsərrüfatlarını və digər əhali qruplarını əhatə edib.

“2030-cu ilədək əhalinin rəqəmsal savadlılığını 70 faizə çatdırmağı hədəfləyirik”, - deyə Vüsalə Qurbanova vurğulayıb.

Departament rəhbəri bildirib ki, ölkənin rəqəmsal inkişaf göstəricilərinin beynəlxalq reytinqlərdə yaxşılaşdırılması əsas prioritetlərdəndir.

“Əsas məqsədimiz rəqəmsal cəmiyyəti yaratmaqla, rəqəmsal iqtisadiyyatımızı inkişaf etdirməklə beynəlxalq reytinqlərdə öz mövqeyimizi möhkəmlətməkdir”, - deyə o qeyd edib.

Vüsalə Qurbanova Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına da diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan 2026-cı ildə Qlobal İnnovasiya İndeksində 9 pillə irəliləyərək 139 ölkə arasında 94-cü yerdən 85-ci yerə yüksəlib.

Bununla yanaşı, ölkə Elektron Dövlət İnkişaf İndeksində 193 dövlət arasında 74-cü yerdə qərarlaşıb.

İRİA rəsmisi qeyd edib ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün rəqəmsal bacarıqların inkişafı üzrə təşəbbüslərin genişləndirilməsi, əhalinin müxtəlif qruplarının müasir texnologiyalardan istifadə imkanlarının artırılması və rəqəmsal biliklərin gündəlik həyata inteqrasiyası mühüm əhəmiyyət daşıyır.

O vurğulayıb ki, rəqəmsal savadlılığın artırılması yalnız texnologiyalardan istifadə bacarıqlarının inkişafı ilə məhdudlaşmır. Bu proses həm də rəqəmsal iqtisadiyyatın genişlənməsinə, Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsinə və ölkənin qlobal reytinqlərdə daha yüksək mövqelər qazanmasına xidmət edir.