Krakov, 20 may, Laçın Sultanova, AZƏRTAC
İdmanın 20 növü üzrə Oyunlar böyük beynəlxalq yarışdır.
Bu fikri “Krakov Arena” stadionunun sədri Zbiqnev Rapçak Polşada press-turda olan azərbaycanlı jurnalistlərlə görüşdə “Bakı–2015” birinci Avropa Oyunlarına münasibət bildirərkən səsləndirib. O, Bakının 18 idman obyektini qısa müddətdə Avropa Oyunları üçün tam hazır vəziyyətə gətirməsinə heyran qaldığını qeyd edib.
Z.Rapçak azərbaycanlı jurnalistləri 2014-cü ilin mayında istifadəyə verilmiş “Krakov Arena” stadionu ilə tanış edib. “Krakov Arena” 21 min tamaşaçı üçün nəzərdə tutulan müasir idman qurğusudur. Stadion Krakov şəhəri meriyasının ayırdığı maliyyə vəsaiti hesabına inşa edilib. Burada idman yarışları ilə bərabər, əyləncəli tədbirlər keçirilir, film çəkilişləri aparılır. Elton Con və Robbi Uilyams kimi dünya ulduzları bu arenada çıxış ediblər.
Stadionun fəaliyyət göstərdiyi bu bir il ərzində burada voleybol və boks yarışları, xokkey üzrə dünya çempionatı keçirilib. Həmin müddətdə obyektə 600 mindən çox tamaşaçı gəlib. Stadion idmanın 18 növü üzrə yarışlar təşkil etməyə imkan verir. Burada məktəblər və sahibkarlar tərəfindən icarəyə götürülən kiçik arena da fəaliyyət göstərir. Stadionun özü üç səviyyədən ibarətdir. Burada iki restoran və dörd konfrans salonu, ofis otaqları fəaliyyət göstərir. Yaxın günlərdə “Krakov Arena”da Krakovun İdman Klubları Muzeyi açılacaq.
“Krakov Arena”nın sədri: İdmanın 20 növü üzrə Oyunlar böyük beynəlxalq yarışdır