Ötən il respublika üzrə 501 kilometr avtomobil yolu yenidən qurulub və əsaslı təmir olunub

Ötən il respublika üzrə 501 kilometr avtomobil yolu yenidən qurulub və əsaslı təmir olunub
11:08 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, Ceyhun Rüstəmov, AzərTAc 
2014-cü ildə respublika üzrə 501 kilometr avtomobil yolu yenidən qurulub və əsaslı təmir olunub. Bunun 242 kilometri respublika əhəmiyyətli, 259 kilometri isə yerli əhəmiyyətli yollardır.
Nəqliyyat Nazirliyindən AzərTAc-a bildiriblər ki, regionlarda ümumilikdə 452,5 kilometr avtomobil yolları əsaslı təmir olunub. Avtomobil yolları üzərində 32 körpü, 1 piyada keçidi tikilib, 3 körpü isə təmir edilib.
Ötən il Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad–Yardımlı, İsmayıllı–Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidən qurma və əsaslı təmir işləri də aparılıb.
Beynəlxalq kreditlər hesabına Yenikənd–Salyan, Salyan–Şorsulu avtomobil yollarının və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı–Yevlax avtomobil yolunun yenidən qurulması, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilib.
Bakı şəhərinə gəldikdə, paytaxtda 55 kilometr yol inşa olunub və yenidən qurulub. Heydər Əliyev prospektində “Şəfa” stadionunun qarşısında yol qovşağında, “Koroğlu” qovşağı ilə keçmiş “Qələbə dairəsi”ni birbaşa birləşdirən, uzunluğu 9 kilometr olan Ziya Bünyadov prospektində 5 yol qovşağı da daxil olmaqla tikinti, yenidənqurma və əsaslı təmir işləri başa çatdırılaraq istismara verilib. Eyni zamanda uzunluğu 22 kilometr olan Qala-Pirallahı avtomobil yolunun 15 kilometrlik hissəsində tikinti işləri tamamlanıb.
Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi, Heydər Əliyev prospektində isə 3 piyada keçidinin inşası isə davam etdirilib. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Həsən Əliyev küçəsinin sonundan Olimpiya stadionuna qədər yeni avtomobil yolunda tikinti işləri cədvəl üzrə aparılıb.
Ümumilikdə isə, ötən il respublikanın nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 2,1 milyard manat təşkil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_respublika_uzre_501_kilometr_avtomobil_yolu_yeniden_qurulub_ve_esasli_temir_olunub-825488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR