Bakı, 22 may, Pərvanə İmanova, AZƏRTAC
Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, institutun direktoru, akademik Telman Əliyev bu elm müəssisəsinin yaranması, fəaliyyəti, elmi istiqamətləri barədə danışıblar.
Bildirilib ki, institutun yaranma tarixini Azərbaycan Еlmlər Аkademiyasındakı Neft ekspedisiyası nəzdində 1952-ci ilin mayında еlektromodelləşdirmə laboratoriyasının təşkil edildiyi vaxtdan hesablamaq olar. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq laboratoriya 1956-cı ildə akademiyanın Fizika və Riyaziyyat, 1958-ci ildə isə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun tərkibinə daxil edilib və Hesablama Mərkəzi adlandırılıb. Ötən əsrin 50-ci illərinin sonunda respublikaya universal rəqəmli hesablama maşınlarının gətirilməsi hesablama üsulları və proqramlaşdırma sahələrində tədqiqatların aparılmasına təkan verib, bu da öz növbəsində 1960-cı ildə Hesablama Mərkəzinin Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrilməsinə əsas yaradıb. Həmin il Hesablama Mərkəzinin tərkibində keçmiş ittifaq miqyasında ikinci (Ukraynadan sonra) “Elektron hesablama maşınları” laboratoriyası yaradılıb. Bu laboratoriya ölkəmizdə kibernetikanın və informatikanın inkişafına həlledici təsir göstərib. 1965-ci ildə Hesablama Mərkəzi əsasında Kibernetika İnstitutu yaradıldı. Ötən il isə institutun adı dəyişdirilərək İdarəetmə Sistemləri İnstitutu olub.
Digər çıxış edənlər də institutun fəaliyyətini yüksək qiymətləndirib, kollektivi yubiley münasibətilə təbrik ediblər.