Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

14:37 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 14:33 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

 

APA-Economics”in məlumatına görə, nazir Əli Abbasov iclasa Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar tarixindən söz açmaqla başlayıb və Qanlı yanvar faciəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalanların ruhu bir dəqiqəlik sükutla anılıb. Daha sonra nazir prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqlardan söz açıb.

 

Ölkədə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edən nazir Ə. Abbasov inkişaf tendensiyasının rabitə və yüksək texnologiyalar sektorunda da saxlandığını vurğulayıb. Ötən ilin əsas uğurlarından da söz açan nazir, xüsusilə, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı “Azersky” olan “Spot 7” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinin ölkəmizin milli peyk operatoru və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “Bakutel-2014”-ün açılışında “Azərkosmos” ASC-yə təhvil verilməsini, bu mərasimdə prezident İlham Əliyevin iştirakının ilin əlamətdar hadisəsi olduğunu vurğulayıb.

 

Koreyanın Busan şəhərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında ölkəmizin ilk dəfə olaraq BTİ-nin Şurasına üzv seçilməsini də uğurlar sırasına daxil edən nazir bunu beynəlxalq arenada ölkəmizin artan nüfuzu kimi dəyərləndirib,  eyni zamanda respublikada İKT sektorunun sürətli inkişafı və sektorun inkişafına yaxından dövlət dəstəyinin nəticəsində beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycanın öz mövqeyini ilbəil möhkəmləndirdiyini bildirib. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrindən Rusiyanı da qabaqlayaraq, Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb. Habelə, BMT-nin “E-Hökumət müayinəsi 2014” adlı hesabatında Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.

 

Daha sonra kollegiya iclasında ötən il ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Sonra məruzə ətrafında RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.

 

Kollegiyaya yekun vuran Ə. Abbasov əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi, sahə üzrə inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.

 

Nazirliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı vacib istiqamətləri önə çəkən Ə.Abbasov kosmik sahənin inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, genişzolaqlı internet və müasir rabitə infrastrukturunun yaradılmasını nəzərdə tutan layihələrin icrasına başlanılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, telekommunikasiya və poçt xidməti şəbəkəsinin modernləşdirilməsi, Yüksək Texnologiyalar Parkı, nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üzrə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətinin təşkili, “Data Mərkəz”in qurulması, respublikada mərkəzləşmiş avtomatik radiomonitorinq şəbəkəsinin yaradılması, rəqəmli yayımın ölkə ərazisini tam əhatə etməsi və analoq yayımın dayandırılması, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin vətəndaşlardan RYTN-ə daxil olan müraciətlərin diqqət mərkəzində saxlanması və həll olunması, I Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində nazirliyin struktur bölmələrinə konkret tapşırıq və göstərişlərini verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR