Politoloq: "Azərbaycanda Katolik Kilsəsinin rahat fəaliyyəti üçün hər cür münbit şərait yaradılıb"

Politoloq: "Azərbaycanda Katolik Kilsəsinin rahat fəaliyyəti üçün hər cür münbit şərait yaradılıb"
09:47 24 Fevral 2020
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyada gərginlik və risklərin getdikcə artdığı bir dövrdə ölkəmiz sabitlik adası ünvanını layiqincə qoruyub saxlayır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində ayrı-seçkiliyin, dini-etnik radikalizmin, ədavət və nifaqın dərinləşməsi fonunda Azərbaycan həmrəylik, tolerantlıq, qardaşlıq, dialoq və multikulturalizm devizləri ilə çıxış edir:

"Çox mürəkkəb və riskli bir coğrafiyada yerləşirik. Obrazlı dildə ifadə etsək, bir azca külək əsəndə Orta Şərqdəki qanın qoxusunu hiss edirik. Amma Azərbaycan bütün bu təhdid və risklərə baxmayaraq, regionda təhlükəsizlik və inkişaf qarantı kimi çıxış edir. Ölkəmizdəki bütün dini konfessiyalar və etnoslar bir ailə kimi yaşayır. Azərbaycan multikulturalizm siyasətini qələbə ilə başa çatdıran nadir ölkələrdəndir. Bunun nəticəsidir ki, hər il ölkəmizdə qlobal kütləvi tədbirlər həyata keçirilir".

Politoloq əlavə edib ki, Azərbaycan təkcə ötən il dünyada BMT-dən sonra ən böyük təşkilatı hesab olunan Qoşulmama Hərəkatına və dünya dini liderlərinin növbəti zirvə sammitinə ev sahibliyi etdi. Bütün bunlar ölkəmizə olan yüksək inamın və etimadın göstəricisidir.

E.Mirbəşir oğlunun sözlərinə görə, beynəlxalq birlik artıq dərk edir ki, Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgə yaşayış nümunələri dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir.

Politoloq əlavə edib ki, ölkəmizdə bütün dini icmaların, o cümlədən Katolik Kilsəsinin rahat fəaliyyəti üçün hər cür münbit şərait yaradılıb. Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də bu zərurətlərdən qaynaqlanır: "Nəzərə alaq ki, bu orden yalnız dövlət başçılarına və yüksək vəzifəli bəzi dövlət xadimlərinə verilir. Bu, o anlama gəlir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında aparılan humanitar siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir və Azərbaycan artıq dünyaya öz standartlarını təqdim edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/828317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR