Nərminin anasının susqun olmasının səbəbi...-

Tovuzun Dondar Quşçu kəndində amansızcasına qətlə yetirilən Nərminin ailəsi ötən həftə Bakıya gəlib. Biznes laydi Ruhi Əliyevanın dəstəyi ilə məşhur psixoloq-psixoterapevt Elmir Əkbərin yanında müayinədən keçib.

Metbuat.az
xəbər verir ki, Elmir Əkbər ailə üzvləri ilə ayrı-ayrılıqda danışıb, onların psixoloji vəziyyətlərini yoxlayıb.

“Ananın susqun olmasının səbəbi...”


Nərminin ölümündən sonra cəmiyyətdə Nərminin anasının susqunluğu birmənalı qarşııanmadı.Psixoloq Elmir Əkbər bu davranışların səbəbini açıqladı

“Valideynlərlə danışanda görürsən ki, ata ilə ananın hadisəyə reaksiyası tamamilə fərqlidir. Ata fikrini daha açıq izah edir. Ana isə fikrini dolaşıq çatdırır. Çünki o, susqunluğun, sükutun arxasında gizlənmək istəyir. Bu ola bilsin ki, yaşadığı travmanın nəticəsidir, o, heç kimlə ünsiyyətə girmək istəmir. Ən azından bu mövzu onun üçün ağırdı, o səbəbdən də mövzudan qaçması təbiidir. Amma kənardansa bu, başqa təəssürat bağışlaya bilər. Elə anlaşılar ki, o nə isə bilir, amma demək istəmir. Mən mövcud vəziyyəti belə qiymətləndirirəm. Bunu özəlliklə vurğulamaq istəyirəm ki, ağır travma yaşayan inasanlarda, ailələrdə belə ziddiyətli reaksiyanın olması təbiidir. Hamı bilir ki, yas yerində dünyasını dəyişmis insanın yaxınları qol götürüb oynaya da bilər, deyib gülə də. Halbuki bu parodoksal reaksiyadır. Onlar sadəcə, müdafiə mexanizmi olaraq ağrıdan qaçmağa çalışırlar. Bir psixoterapevt olaraq bunun psixoanalizi ilə bağlı diqqətli olmalıyıq, insanlar da başa düşməlidirlər ki, belə bir ağır itkidə o şəxsin hərəkətləri kənardan baxana yersiz görünə bilər”.

“O məkandan uzaqlaşmalıdır...”

Elmir Əkbər ailənin haqsız yerə qınanmasına da münasibətini bildirib: “Bir mütəxəssis olaraq demək istəyirəm ki, cəmiyyətdə ailənin haqsız yerə qınanmalarına qarşıyam. Psixologiyada da ağır travma yaşayan insanın hadisə baş verən yerdən uzaqlaşması tövsiyə olunur. Çünki çox vaxt insan hadisə baş verən yerə münasibətini dəyişə bilmir. Əgər dəyişə bilmirsə, o zaman ordan uzaqlaşmalıdır, bu, qismən də olsa, kömək edir. Bu ailə də elə durumdadır ki, uşağın dəfn olunduğu qəbrisanlıq evlərinin yanındadır, cəsədin yandırıldığı yer yaxındadır, təqsirləndirilən şəxs qonşuluqda yaşayır. Zənnimcə, imkan daxilində onlar başqa yerə köçsələr, başqa yerdə yaşasalar həyata uyğunlaşmalarına kömək olar. Yaddan çıxarmayaq ki, bu ailədə iki başqa qız da böyüyür. Valideynlər nə qədər tez uyğunlaşsalar, təskinlik tapsalar, o iki uşaq üçün də yaxşı olar”.

“Təki bacım gəlsin...”

Psixoterapevt Nərminin bacıları – Şəbnəmlə Şəhanəni də psixoloji sorğudan keçirib. Hər iki bacı arzularla bağlı suala eyni cavabı verib: “Heç nə istəmirik, bircə bacımız geri gəlsin...”

E.Əkbər azyaşlıların psixoloju durumunu da şərh edib: “Təbii ki, hər iki uşaq ciddi psixoloji zərbə alıb. Bacıların ikisi də eyni şeyi düşünür, eyni arzudadır. Onlar Nərminin qayıtması üçün hər şeylərini verməyə, bütün arzularından keçməyə hazırdırlar”.
Psixoloq onu da qeyd edib ki, belə hadisələrin baş verməsinin səbəblərindən biri də cəmiyyətdə, ailələrdə, insanlar arasındakı laqeydlikdir: “Cəmiyyətdə münasibətlər arasında boşluqlar, laqeydlik var. Laqeydlik cəmiyyətimizin ən böyük xəstəliyidir. Bu, insanlarda depressiyaların yaranmasına səbəb olur. İnfarkt, onkoloji xəstəlikərin əsas səbəbi depressiya və psixoloji sıxıntılardır. Onun da yaranmağına səbəb cəmiyyətin biganəliyidir. İstər özümüzə, istərsə də yanımızda olan insanlara qarşı etinasızlıq çox böyük fəsadlara yol açır”. (News24)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR