Növbəti devalivasiya gözlənilirmi? - "Neftin qiyməti düşsə..." -

Neftin sürətlə ucuzlaşması resurs ölkələrində makroiqtisadi sabitliyin pozulması ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı saytımıza danışan iqtisadçı ekspert Rövşən Ağayev, apardığı hesablamalar nəticəsində 2020-ci ildə dövlət büdcəsi və tədiyyə balansı üçün neftin minimum əlverişli qiyməti ilə bağlı bunları deyib:

"Rusiyanın maliyyə naziri Siluanov deyib ki, onun ölkəsinin fiskal sistemi 30 dollarlıq qiymətə 4 il dözmək gücündədir.Amma əlbəttə ehtiyatlarla büdcə öhdəliklərinin dəstəklənməsi hesabına. Şübhəsiz ki, bu qiymət yalnız büdcə sisteminin dayanıqlılığı baxımından şərh edilir. Resurs ölkələrinin iqtisadi şərtlərində makroiqtisadi sabitliyə büdcə sisteminin dayanıqlılığından çox monetar sistem daha çox təsir edir ki, bu ilk növbədə məzənnə sabitliyindən təsirlənir. Məsələn, son günlərin tendensiyası göstərir ki, neftin 50 dollardan aşağı yuvarlanması rublun volatilliyini kəskin artırır. Yəni Siluanovun dediyi 30 dollarlıq həddə ölkə "məzənnə fəlakəti" yaşaya bilər. Nəzərə alaq ki, fiskal sistem makroiqtisadiyyatda avtonom deyil və kəskin məzənnə dəyişikliyinin doğurduğuğu ciddi proseslər, xüsusilə yüksək inflyasiya, iqtisadi fəallığın kəskin azalması büdcə böhranını da qaçılmaz edir. Bu baxımdan resurs ölkələrində fiskal dayanıqlılıq və məzənnə sabitliyi üçün neftin minimum əlverişli qiyməti fərqli olsa da, həlledici olan məhz məzənnə sabitliyinə təminat verən qiymətdir. Çünki hökumət ehtiyac olanda fiskal öhdəliklərini tənzimləmək, büdcə xərclərini azaltmaqla büdcə üçün neftin əlverişli qiymət həddini aşağı sala bilir .Xüsusilə də büdcədə korrupsiya payının yüksək olduğu şəraitdə bu çox da çətin olmur".

Hazırkı şəraitdə Azərbaycanın dövlət büdcəsi və tədiyə balansı üçün minimum əlverişli neft qiyməti hansıdır?

"Büdcə üçün təxminən 50 dollar civarındadlr. Baxmayaraq ki, büdcə hesablamalarında 55 götürülüb, lakin 50 dollarlıq həddə Neft Fondu ehtiyatlara vəsait ayırmadan və büdcə xərclərinə orta hesabla 5-6%-lik sekvestr tətbiq etməklə 50 dollarlıq hədd büdcə üçün əlverişli minimum hədd sayıla bilər. Tədiyyə balansı üçün bu göstərici 45 dollar intervalında dəyişir. Amma əlbəttə hansısa səbəbdən kütləvi kapital axını baş vermədiyi şəraitdə. 2015-ci il istisna ildir ki, kəskin məzənnə dəyişikliyi nəticəsində ölkədən 11.5 mlrd. dollar kapital qaçmışdır. Amma 2016-cı ildə nefrin orta illik qiymətinin 45 dollar olduğu şəraitdə həm cari hesablar balansı, həm də ümumilikdə ödəmələr balansı defisitdən yaxa qurtara bimədi".

Son vaxtlar neftin qiymətinin sürətli aşağı düşməsi Azərbaycanda devalivasiya ehtimalının yarana biləcəyi xofunu yaradır. Ekspert qeyd etdi ki, neftin qiymətinin 45 dollara qədər aşağı düşməsi tədiyyə balansı üçün problem yaratmır:

"Ondan aşağı qiymətdə devalvasiyanın baş vermə ehtimalı qiymətin nə dərəcədə uzun müddət aşağı qalacağından və hökumətin davranışından asılı olacaq. Məsələn, qiymətin 45 dollardan aşağı səviyyəsi 3-5 ay qalarsa və hökumət buna əmin olub müəyyən bir məbləğ ehtiyatla prosesi idarə edə bilər. Burda panikadan qaçıb situasiyanı doğru analiz edib doğru qərar verməkdən çox şey asılıdır. Amma əlbəttə qiymətin 45 dollardan aşağı düşüb daha uzun müddətə (1 il və daha çox) qalması, manat üçün ciddi risk yaradır"

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR