Bakı, 23 may, AZƏRTAC
Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnfrastrukturun monitorinqi və universal dizayn konsultasiya, layihələndirmə və istehsalat mərkəzi” layihəsini icra edir.
ƏTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin icrası müddətində infrastrukturun əlilliyi olan şəxslər üçün uyğunluğunun monitorinqi aparılacaq və sənədləşdiriləcək. Eyni zamanda, bərabər imkanların yaradılmasını təmin etmək üçün universal dizayn konsultasiya, layihələndirmə və istehsalat mərkəzinin hüquqi və texniki əsası yaradılacaq. Mərkəz maarifləndirmə, mövcud vəziyyətə uyğun layihələndirmə, avadanlıq istehsalı və təminatı ilə uyğunlaşdırmanın aparılması funksiyalarını həyata keçirəcək.
Qeyd edək ki, bu fəaliyyət bərabər imkanların yaradılması üçün növbəti mərhələdir. Bundan əvvəl ƏTİ problemin ictimailəşdirilməsi, maarifləndirmə və standartların hazırlanması fəaliyyətlərini həyata keçirilib. Bu fəaliyyətlər bir-biri ilə əlaqəlidir və davamlı inkişaf etdirilir.