Astaranın 118 yaşlı təhsil ocağı -

Evdən-evə köçən, iki dəfə qərargaha çevrilən, tikdirən adamın nəvəsinin baş bəlası olan məktəbin bu il 118 yaşı tamam olur. Astaranın Pensər kəndində yerləşən bu təhsil ocağında, təəssüf ki, onun banisi olan şəxsin adına xatirə lövhəsi belə yoxdur. XIX əsrin sonları - XX əsrin əvvəllərində xalqımızın imkanlı şəxslərinin oxumağa imkanı olmayan kasıb uşaqların təhsil almaları üçün maddi yardımlar etdiklərini çoxumuz bilirik.

Metbuat.az xəbər verir ki, belə xeyriyyəçilərdən biri də Astara rayonunun Butəsər, indiki Pensər kəndində yaşamış Hacı Osman olub.

Onun nəticəsi, Pensər kənd sakini İntizar Mürsəlovun bildirdiyinə əsasən, Hacı Osmanın şəxsi vəsaiti hesabına Astarada ilk orta məktəb məhz Butəsər (indiki Pensər) kəndində inşa edilib: "Kəndimizdə 1912-ci ildə açılan məktəbə rus-tatar məktəbi deyiblər. Dünyəvi elmləri tədris edən bu məktəbdən əvvəl isə kəndimizin məscidlərində mədrəsələr təşkil edilib və dövrlərinin ən məşhur din xadimləri uşaqlara dini dərslər öyrədiblər. Amma həmin alimlər təkcə Quran və islam dərsləri deyil, həm də əqaid və nücum elmini də öyrədiblər".

Astaranın ilk məktəbini inşa etdirən Hacı Osman özü İstanbulda təhsil alıb. Düzdür, bu haqda sənədlər qalmayıb, çünki onun bütün sənədləri yandırılıb. Nəticəsinin sözlərinə görə, Hacı Osman mədrəsə dərslərində bir növ yoxlama kimi oturaraq uşaqların bilik səviyyələrini və təhsil almaqlarını yoxlayarmış. Həmin mədrəsədə təhsil alanlardan biri də qonşu Çayoba kənd sakini Molla Rəhim Fətəli oğlu Şıxəliyev olub.

"Rəhmətlik Molla Rəhim bizə danışardı ki, Hacı Osman mədrəsədə təhsil alan uşaqları yaxşı oxumaqları üçün həvəsləndirərmiş. O, atası Hacı Teymurun dükanından yaxşı oxuyan uşaqlara müxtəlif şirniyyatlar hədiyyə edərmiş", - İntizar Mürsəlov deyir.

Hacı Osmanın nəticəsi qeyd edir ki, kənddə məktəbin binası hazır olana qədər məktəb başqa bir xeyriyyəçinin evində təşkil edilir: "Həmin vaxt Hacı Osmanın təklifi ilə dərslər Kolatan kəndində, dövrünün xeyriyyəçi və ağsaqqalı Kərbəlayi Bayraməli adlı bir kişinin evində təşkil edilir. Məktəbin hazırda yerləşdiyi binanın ərazisi o dövrdə Məşədi Kürsüm adlı bir xanımın şəxsi torpaq sahəsi olub. Hacı Osman həmin ərazi üçün pul təklif etsə də, Məşədi Kürsüm xanım öz torpaq sahəsini təmənnasız olaraq vəqf edir.


Butəsər məktəbi ilk olaraq 2 illik təhsil sistemi ilə fəaliyyət göstərib. Sonra 4 illik təhsil sistemli məktəb olub. Ondan sonra SSRİ hakimiyyətinin ilk illərində isə "Şura zəhmətkeşləri məktəbi" də adlandırılıb: "1918-ci il mart qırğınları vaxtı məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb. Çünki məktəb Butəsərdə yerləşən Qafqaz İslam Ordusunun tərkibində Astaraya köməyə gələn Camal Yusuf Paşanın qərargahı edilmişdi. 1920-ci ildə bolşeviklərin kəndə hücumu vaxtı məktəbin dam örtüyü yandırılıb və fəaliyyəti bir müddət dayandırılıb. Məktəb müsadirə edilərək bolşeviklərin qərargahına çevrilib və 1922-ci ilə kimi, bəzi məlumatlara görə, hətta 1924-cü ilə kimi həmin binada məktəb fəaliyyət göstərməyib. Lakin məktəb gizlicə kənd sakini Həmid Şabanoğlu adlı şəxsin evinə köçürülüb və bir müddət dərslər orada deyilib. Artıq 1930-cu illərdən isə məktəbdə qızlar da təhsil almağa başlayıblar".


"Məktəbi bitirən ilk tələbələrdən biri Hacı Ocmanın oğlu Şöyüb Mürsəlov olub ki, o da Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirib. 1930-cu illərə kimi Şöyüb Mürsəlov Astarada rayon mərkəzində olan, o vaxt "Daş məktəb" adlanan məktəbdə dərs deyib", - İntizar Mürsəlov xatırlayır.

Çox maraqlıdır ki, təsadüfən İ.Mürsəlovun atası Sovet dönəmində həmin məktəbə direktor təyin edilib: "Atamın əmisi Əbdülkərim bir neçə il həmin məktəbdə dərs deyib. Rəhmətlik atam da bu məktəbdə təhsil alıb və Bakıda ali təhsilini bitirən kimi ilk olaraq Cəlilabad rayonu Astarxanbazar kəndində müəllim kimi fəaliyyətə başlayıb. Daha sonra rayonumuzun Hamoşam, sonra qonşu Şiyəkəran kəndində dərs deyib. 1963-cü ildə isə öz babasının tikdirdiyi məktəbə təyinat alıb və 1970-ci ilə kimi rus dili və ədəbiyyatı fənnindən dərs deyib. 1970-ci ildən 1974-cü ilə kimi isə məktəbə direktor təyin edilib. Atam məktəb direktoru işlədiyi dövrlərdə də dəfələrlə ondan "danos" məktubları yazardılar. Səbəb isə atamın Hacı Osmanın nəvəsi olması və Hacı Osmanın bolşeviklərlə mübarizədə şəhid olması idi. Gizli məktublarda yazılırdı ki, Sovet hökumətinə qarşı vuruşmuş bir qolçomağın nəvəsi məhz həmin məktəbdə necə direktor işləyə bilər? Məktəbin internat bölməsi də olub və guya atam internat üçün ayrılan ərzağı və geyimləri mənimsəyib evə gətirirmiş".

"Hazırda məktəbin quruluşunda dəyişiklik edilməyib, sadəcə, cari təmir işləri görülüb. Amma məktəbin Hacı Osman tərəfindən tikdirilməsi haqqında bir lövhəsi olması daha yaxşı olardı", - deyə İntizar Mürsəlov arzusunu dilə gətirir.(Sputnik Azərbaycan)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR