Xalqımızın təhlükəsizliyi üçün atılan addımları kontekstdən çıxarmaq siyasi mənəviyyatsızlıqdır - ŞƏRH

Xalqımızın təhlükəsizliyi üçün atılan addımları kontekstdən çıxarmaq siyasi mənəviyyatsızlıqdır - ŞƏRH
10:43 7 Aprel 2020
134 Digər
Ölkə mətbuatı
A- A+

“Xalq olaraq təhlükəsizliyimizin qorunması üçün atılan addımları siyasiləşdirmək manipulyasiyadan başqa bir şey deyil və bunu edənlərin öz əleyhinə işləyən bir faktordur”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Milli Şura adlandırılan marjinal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır: “Onların bu fikirləri hazırkı pandemiya dövründə ictimai mənafeyə vurulan zərbədir. Elə bir vəziyyət yaranıb ki, ictimai maraqlarımız və ümumi mənafeyimiz xüsusi rejimin tətbiq edilməsini tələb edir. Azərbaycan dövləti öz vətəndaşları qarşısında məsuliyyətindən irəli gələn bütün vəzifələri tərəddüdsüz yerinə yetirir. Xüsusi karantin rejiminin və sərt qaydaların tətbiq olunması məhz bu çərçivədə qiymətləndirilməli və təqdir edilməlidir. Azərbaycan ictimaiyyəti də tələbləri və qaydaları düzgün başa düşür, qiymətləndirir. Çünki biz yalnız xüsusi karantin rejiminin tələblərinə tabe olmaqla özümüzü, yaxınlarımızı, sevdiklərimizi qoruya bilərik.

Ancaq təəssüf ki, bu marjinal qrup vacib siyasi qərarları öz korporativ maraqları naminə manipulyasiya edərək, qeyri-etik siyasi mövqe nümayiş etdirir. Onlar ümummilli təhlükəsizliyimizi təhdid edən pandemiyanı siyasi məqsədlərinə alət etməyə çalışırlar və bununla da ümumi ictimai mənafeyimizin əleyhinə hərəkət edirlər. Əlbəttə, Operativ Qərargah tərəfindən müəyyənləşdirilən qaydalar qeyd-şərtsiz yerinə yetirilməlidir. Əksər vətəndaşlarımız da bu qərarlara tabe olur. Tabe olmayanlar isə inzibati qaydada cəzalandırılırlar. Çünki nəticə etibarilə söhbət xalqımızın təhlükəsizliyindən gedir və bunu düzgün başa düşmək lazımdır. Məhz bu kontekstdə kiminsə cəzalandırılmasına siyasi məna vermək heç bir halda və heç bir cəmiyyətdə qəbul edilən hal deyil”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/309977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR