İlham Əliyev dünyaya mühüm nümunə göstərdi - Qənirə Paşayeva

İlham Əliyev dünyaya mühüm nümunə göstərdi - Qənirə Paşayeva
14:43 13 Aprel 2020
296 Digər
Ölkə mətbuatı
A- A+

“Bu gün bir çox beynəlxalq təşkilatlar toplantılarını təxirə salıb. Belə bir vəziyyətdə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə toplantısının keçirilməsi və gündəmdə olan məsələlərlə yanaşı, koronavirusla mübarizə istiqamətində birliyin, bərabərliyin artırılması üçün aparılan müzakirələr təkcə türk dövlətləri üçün deyil, dünya üçün də çox önəmlidir”.

Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Publika.az-a açıqlamasında deyib.

O bildirib ki, bu görüş eyni zamanda hesabat toplantısı idi: “Konfrans zamanı görülən işlər ilə bağlı geniş məlumat verildi. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus və Macarıstanın Baş naziri Viktor Orbanın da konfransa qatılması xüsusi vurğulanmalıdır.

Zirvə toplantısı birinci növbədə üzv ölkələrin təcrübə mübadiləsi baxımından müəyyən qərarların alınmasına səbəb olacaq. Görüş zamanı ölkələr arasında səhiyyə xidmətləri sahəsində əməkdaşlıq, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi və s. istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi vurğulandı.

ÜST rəhbəri Azərbaycana koronavirusla mübarizə fonduna dəstək göstərdiyi üçün təşəkkür etdi. Azərbaycan həm də Türk Şurasına üzv olan digər ölkələrə, o cümlədən Macarıstana da oxşar dəstəyi göstərib. Bundan əlavə, Zirvə görüşündə iqtisadi həyatın durmaması üçün tranzit daşınma sahəsindəki əməkdaşlığın əhəmiyyəti vurğulandı.

Güclü dövlətlər onlardır ki, hər hansı böhranla üzləşəndə mübarizə aparmaqla bərabər, postböhran dövrünə də hazırlaşır və strategiyasını qurur. Açıq deyək, koronavirus pandemiyası dünyada yalnız səhiyyə sistemini çökdürməyib, həm də iqtisadiyyatı dağıdıb, sosial böhrana səbəb olub, humanitar vəziyyəti gərginləşdirib. Pandemiyadan zərər çəkməyən ölkə demək olar ki, yoxdur. Pandemiya yeni yarananda cənab Prezident ona qarşı zamanında tədbirlər aldığı kimi, bu gün də pandemiyadan sonrakı dövrə aid strateji siyasətini aparır və bu kontekstdə də türk ölkələri ilə əməkdaşlığımızın potensialından daha çox istifadəni təklif etdi”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev dünyaya mühüm nümunə göstərdi: “Bu Zirvə bütün dünyaya pandemiya ilə mübarizədə həmrəyliyin nə qədər vacib olmasının mesajı idi. Eyni zamanda, bilirsiniz ki, karantin rejimi qüvvəyə minəndə Azərbaycan xarici ölkələrdə olan vətəndaşlarının ölkəyə gətirilməsi üçün böyük işlər gördü və bu da birbaşa Prezidentin tapşırığı ilə həyata keçirildi. Ölkə başçısı toplantıda bu məsələyə də toxundu: bu və ya başqa türk ölkəsində qalan vətəndaşlara xüsusi qayğının göstərilməsi.

Hazırda Azərbaycanın qardaş Türkiyədə xeyli vətəndaşı, xüsusilə tələbələri var. Dünən Özbəkistandan Şöhrət Barlas mənə zəng etmişdi, Gəncədə qalmış özbəkistanlı ailəyə diqqət istəyirdi və s. Yəni Azərbaycanda da türk ölkələrinin vətəndaşları az deyil. Bu təşəbbüs də cənab Prezidentdən gəldi ki, Türk Şurasındakı ölkələr bir-birlərinin vətəndaşlarına xüsusi münasibətlə əslində bu pandemiyanın sərhəd tanımadığını nümayiş etdirsin, insanın vətəndaşlığından asılı olmayaraq, qaldığı ölkədə qorunması yüksək səviyyədə təmin edilsin. Başqa sözlə, ölkələr sərhədləri içində və öz vətəndaşları üçün deyil, insanlıq üçün səfərbər olsun”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR