AFFA-nın vitse-prezidenti: "Premyer Liqanı tamamlamaq mümkün olacaq"

AFFA-nın vitse-prezidenti: "Premyer Liqanı tamamlamaq mümkün olacaq"
17:57 13 Aprel 2020
185 Digər
Ölkə mətbuatı
A- A+

"Baş məşqçi məsələsi ilə bağlı hər hansı yenilik yoxdur. Hamı yaranmış vəziyyətlə məşğuldur".
Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinə yeni baş məşqçi təyinatı məsələsi barədə danışarkən deyib.
O bildirib ki, koronavirus infeksiyasının ortaya çıxması qeyri-müəyyənliyə səbəb olub: "32 nəfər arasında seçim edib qısa siyahı hazırladıq. Ondan sonra da bu vəziyyət yarandı. Hamı koronavirus pandemiyasının nə zaman qurtaracağını gözləyir".
V.Sadıqov çempionatın bərpası ilə bağlı müəyyən variantların olduğunu söyləyib: "Federasiyalar ilk növbədə, UEFA-ya bağlıdır. Qitə futbol qurumu çempionatların sona çatdırılmasının tərəfdarıdır. Çünki qarşıda bizi avrokuboklar gözləyir. Hesab edirəm ki, vəziyyətdən nə qədər tez çıxsaq, çempionatı davam etdirmək bir o qədər mümkün olacaq".
Milli assosiasiya rəsmisi liqaların başa çadtırılacağına inanır: "Cari çempionatı komandaların avrokuboklara hazırlığı kimi də qiymətləndirmək olar. Ayrı-ayrı ölkələr bunu müzakirə edirlər. Elə bir vəziyyət yaranıb ki, sanki payız-yaz yox, yaz-payız sistemi tətbiq olunur. Düşünürəm ki, bir az da səbrli olsaq, tezliklə karantin ləğv olunacaq və yarışların keçirilməsinə icazə veriləcək. Ondan sonra dəqiqliklə nə isə demək olar. Məncə, çempionatı tamamlamaq mümkün olacaq".
V.Sadıqovun fikrincə, karantin müddəti aprelin 20-də tamamlansa, mayın əvvəlində çempionatı başlatmaq olar: "Ən vacibi odur ki, iyunun sonuna kimi liqanı tamamlamaq lazımdır. Müxtəlif planları işləyib həyata keçirməyə hazır olmalıyıq".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mence-premyer-liqani-tamamlamaq-mumkun-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR