İspaniyanın məşhur kurortlarında koronavirus pandemiyası bitdikdən sonra çimərliklərə yeni qaydalar tətbiq edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Adətən turistlərin sıx olduğu sahilyanı ərazilərin daha çox boş qalacağı proqnozlaşdırılır. Turizm naziri Reyes Marotonun sözlərinə görə, bu, infeksiyanın yayılması ilə bağlı vəziyyət sabitləşsə belə, səyahət edənlərin çimərliklərdə və hotellərdə 1,8 metr sosial məsafəni davam etdirməyə təşviq ediləcəyi ilə əlaqədardır.

Üstəlik, tövsiyələrin yerinə yetirilməsinə tənzimləmə və nəzarətin necə həyata keçiriləcəyi dəqiqləşdirilməyib. Hazırda İspaniyada bütün çimərliklər bağlıdır. Məhdudiyyətlər ən azı may ayına qədər davam edəcək.

Aprelin 15-də İtaliyanın koronavirus pandemiyasından sonra təhlükəsiz şəkildə günəş vannası alıb qaralmağın yolunu tapması barədə məlumat verilib. “Nuova Neon Group Due” şirkətinin dizaynerləri sahildə turistləri və dincələnləri ayırmaq üçün “pleksiglas” ekranların çimərliklərə quraşdılmasını təklif edib.

Xatırladaq ki, yeni növ koronavirus 2019-cu ilin dekabr ayında Uhan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı virusu pandemiya elan etdi.

Aytən Məftun