Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri humanist addım hesab edirəm. Ancaq bir məqamı da səsləndirməyi özümə borc bilirəm.
Publika.az xəbər verir ki, bu sözləri parlamentin deputatı Rəşad Mahmudov Cinayət Məcəlləsinə edilən dəyişikliklər haqqında çıxışı zamanı deyib. Millət vəkili xatırladıb ki, ölkədə həkimlərin sağlamlığı və təhlükəsizliyinin qorunması üçün əvvəllər də Cinayət Məcəlləsinə təklifləri olub: “Bu gün məsələ aktual olaraq qarşımıza çıxır. Əlbəttə, biz dünyada və ölkəmizdə bu gün pandemiyaya qarşı mübarizə aparan həkimlərin fəaliyyətini yüksək qiymətləndirirk. Ötən toplantıda cənab sədrin təklifi ilə tibb işçilərini ayaqüstə alqışladıq. Cənab Prezidentin səhiyyə işçilərinin əmək haqlarını 5 dəfə artırılması haqda qərarı tibb işçiləri tərəfindən müsbət hadisə kimi qarşılandı. Təklif edirəm ki, xidmət və peşəkar fəaliyyəti zamanı tibb işçilərinə zor tətbiqi, hədələmə kimi hallar Cinayət Məcəlləsində öz əksini tapsın. Bunun üçün hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsi maddəsinə tibb işçilərini də əlavə edə bilərik. Nəzərə alaq ki, səhiyyə işçiləri gecə saat 3 və ya 4-də xəstə yanına getməli olur, bəzən tibb işçilərinin nə ilə qarşılaşa biləcəyi reallığını qəbul etməliyik”.