Azərbaycanda böyük mükafat fonduna malik çempionat start götürür

Azərbaycanda böyük mükafat fonduna malik çempionat start götürür
16:07 17 Aprel 2020
187 Digər
Ölkə mətbuatı
A- A+

FİFA2020 üzrə ilk rəsmi Azərbaycan çempionatının vaxtı açıqlanıb.
Bu barədə “Report”a “Gaming League Azerbaijan” (GLA) təşkilatının Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlayn şəkildə keçiriləcək liqa aprelin 20-də start götürəcək.
34 gün davam edəcək turnirdə ən güclü 20 kiberidmançı ultimeyt (yığılan) komandalarla qüvvəsini sınayacaq. Oyunçular GLA-nın yanvarda təşkil etdiyi FİFA turnirlərində iştirak edən 500-dən çox idmançı arasından seçiliblər.
Yarış 38 turdan ibarət olacaq və hər gün 2 tur - 20 oyun keçiriləcək. Kiberidmançılara 2 gündən bir istirahət veriləcək.
38 turdan sonra ilk 8 pillədə qərarlaşmış komandalar pley-offa vəsiqə qazanacaqlar. Bu mərhələnin qarşılaşmaları olimpiya sistemi ilə oynanılacaq. Rəqiblər bir-biriləri ilə 3 oyun (best of 3 sistemi) keçirəcəklər və 2 qələbəyə ən tez çatan kiberidmançı növbəti mərhələyə adlayacaq.
Pley-off mərhələsində bütün rəqiblərinə qalib gələn 2 oyunçu sonda “Böyük final”da (Grand final) çempionu müəyyənləşdirəcək. Yarımfinalda uduzan komandalar isə 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər.
“Böyük final” və bürünc medal görüşləri isə “Best of 5” sistemi ilə keçiriləcək. Yəni, 5 oyundan 3-nü udan komanda qalib elan olunacaq.
Liqanın təşkilatçıları Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiberidman Federasiyası, “Gaming League Azerbaijan” təşkilatı və “Topaz”dır. Turnirin informasiya dəstəkçisi isə “İdman TV” və İTV telekanallarıdır.
Yarışın umumi büdcəsi 20 000 manatdır ki, bunun da 16 500 manatı mükafat fondunu təşkil edir. Mövsüm ərzində iştirakçılara hər qələbəyə görə 30 manat, heç-heçəyə görə 20 manat, məğlubiyyətə görə isə 10 manat veriləcək. Bu isə o deməkdir ki, bütün oyunları uduzan iştirakçı ən pi halda sonda 380 manat mükafat qazanmış olacaq.
Həmçinin ilk 4 yeri tutan idmançılara təşkilatçılardan müxtəlif hədiyyələr təqdim olunacaq.
Oyunlar saat 11:00-da başlayacaq. Ən maraqlı görüşlər “İdman TV” vasitəsilə canlı yayımlanacaq. Matçların icmalına isə gecə saat 01:00-də İctimai televiziyada baxmaq mümkün olacaq. İTV yalnız şənbə günü keçiriləcək matçları yayımlayacaq. Turnirin bütün qarşılaşmaları isə “GLA HUB”nin “Tvitch” internet kanalında canlı nümayiş olunacaq. Oyunları “İdman TV”nin 4 şərhçisi şərh edəcək.
FİFA2020 üzrə əsas liqa ilə yanaşı, II liqa da yaradılıb. Burada da 20 kiberidmançı mübarizə aparacaq. İlk 3 pilləni tutan komandalar əsas liqaya yüksələcəklər. Əvəzində isə elitada sonuncu olan 3 oyunçu növbəti mövsümdən II liqada yarışacaq. Hər iki liqada il ərzində 4 yarış (hər fəsildə 1 turnir) olacaq.
Yarışın 2-ci mövsümü “Nizami e-Sports Arena”da oflayn rejimdə baş tuta bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanda-boyuk-mukafat-fonduna-malik-cempionat-start-goturur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR