"Azərbaycan ən qabaqcıl ölkələrlə müqayisə olunacaq performans göstərdi" - Şərh

"Azərbaycan ən qabaqcıl ölkələrlə müqayisə olunacaq performans göstərdi" - Şərh
19:38 17 Aprel 2020
201 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan koronavirusla mübarizədə dünyanın ən qabaqcıl ölkələri ilə müqayisə olunacaq performans göstərdi".

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirləri belə təhlil edib: "Həyata keçirilən tədbirlər tamamilə bəyəniləndir. Görülən tədbirlər həm tibbi bazanın möhkəmləndirilməsi istiqamətində, həm də iqtisadiyyata dəyən ziyanın minimuma endirilməsində böyük dəstək oldu. Koronavirusla bağlı hadisələrin elə ilk anında, mart ayının əvvəllərindən ciddi tədbirlər görülməyə başlandı. İlk olaraq qonşu ölkələrlə, daha sonra isə demək olar bütün dünya ilə əlaqəmiz kəsildi. Buna yükdaşımalar istisna olmaqla hava, dəmir yolu, avtomobil əlaqələrini nümunə deyə bilərik. Daha sonra isə meqapolis səviyyəsində olan Bakı şəhəri üçün də giriş-çıxış qadağan olundu. Şəhərdə tamamilə karantin rejimi tətbiq olundu.

Bütün bu tədbirlər yoluxmanın geniş miqyasda yayılmasının qarşısını aldı. Azərbaycan pandemiyanın pik həddini müəyyən ölkələrlə müqayisədə asan keçdi. Biz hazırda virusa yoluxanların sayında səngimənin şahidi oluruq. Ölüm halları da buna aiddir. Azərbaycan pandemiya ilə bağlı ciddi tədbirlərə əl atdı. Əvvəla tibb istiqamətində rayonlardakı bir neçə mərkəzi xəstəxanalar yenidən quruldu. Bakı şəhərində çox böyük və müasir avadanlıqlarla təchiz edilmiş "Yeni klinika" açıldı. Həmin klinika koronavirusa yoluxmuş insanların tam sağaldılması üçün lazım olan müasir aparatlara, həmçinin tibbi preparatlara malikdir. Orada insanlar pulsuz müalicə alırlar. Ölkə başçısının bilavasitə göstərişi ilə Sumqayıt və Gəncədə tibbi maskaların istehsalı qaydaya salındı. Bunun üçün lazım olan avadanlıqlar Türkiyədən çox qısa müddətdə gətirilib quraşdırıldı.

Koronavirusla Mübarizə Fondu yaradıldı. Bu yardım fondu ianələr və əhalidən könüllü yardımlar üçün nəzərdə tutulmuşdu. İlk vaxtlar həm ölkə Prezidenti, həm də Birinci vitse-prezident bir illik maaşlarını bu fonda keçirdilər. Üstəlik də Prezidentin ehtiyat fondundan 20 milyon manat fonda ayrıldı".

Q.Hüseynli sosial dəstək paketlərinin əhəmiyyətindən də danışıb: "Azərbaycan həmçinin ciddi sosial proqramların, tədbirlərin həyata keçirilməsinə başladı. Bu məqsədlə Prezident həm koronavirusla mübarizə, həm də postkorona dövründə vətəndaşlar üçün 2,5 milyard manat məbləğində sosial yardım paketləri ayırdı.

Ölkə başçısı həmçinin koronavirus dövründə işsizlərə, məcburən işdən ayrılanlara, eləcə də pandemiya nəticəsində ziyan çəkmiş kiçik, orta sahibkarlara, fermerlərə maddi yardım ayrılması, faizsiz kreditlər verilməsi barədə qərar qəbul etdi. Hazırda həmin sosial proqramlar reallaşdırılmaqdadır. Gələcəkdə bu kateqoriyadan olan insanlara sosial müavinətlərin ayrılması barədə də qərar qəbul edilib. Həmin adamların uçota alınması və onlarla bağlı onlayn tədbirlərin keçirilməsi prosesi baş verir. Ölkə pandemiya və onun doğurduğu nəticələrin insanların sağlamlığına zərər vurmaması, insan itkisinə səbəb olmaması üçün maksimum tədbirlər həyata keçirdi".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR