Adı dastandan, özü dastan yazan Oğuz igidi -

Beyrəyin nəşi rayona yenicə gətirilmişdi. Telefona tanımadığımız nömrədən zəng gəldi. Komandiri idi. "Onu qəhrəman kimi dəfn edin. Beyrək qəhrəman kimi döyüşdü" tapşırığını verdi.

Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri şəhid Fezullayev Beyrək Seyfullah oğlu. 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi Malıx yaşayış sahəsində anadan olub. Oktyabrın 3-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

"Cəbrayılın alınmasına görə", "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunan vətənin igid oğlunun hekayəsini qardaşı Mahmud nəql edir:

Ailədə 5 qardaş idik. Beyrək ortancıl idi. Biz qardaşlar arasında möhkəm iradəsi və bir çox digər xüsusiyyətlərinə görə fərqlənirdi.

Gülərüz olması uşaq yaşlarından hamının sevimlisinə çevrilməsinə səbəb olmuşdu. Toppuş yanaqları var idi. Elə ona görə də balaca olanda evdə saxlaya bilmirdik. Hər dəfə kənddə olan digər insanlar gəlib aparırdılar özləri ilə. Şirin uşaq idi. Bir o qədər də dəcəl.

Amma dərslərini də mükəmməl öyrənirdi. Sanki Allah onu özəl yaratmışdı. Haqqında çox az mənfi şey demək olar. Yaraşıqlı, gülərüz, səmimi, güclü, xarizmatik, ağıllı və s. Uşaq yaşlarından etibarən bədii mütaliəyə böyük maraq göstərirdi. Mark Tven sevimli yazıçısı idi.

Kasıb olduğumuz üçün valideynlərimiz məktəb paltarı və ləvazimatları ala bilmirdi. Cavidan böyük qardaşımın, Beyrək isə Cavidanın paltarlarını geyinib məktəbə gedirdi. Buna görə utanırdıq. Amma heç kimə bəlli etmirdik. Onun geyimi həmişə təmiz və səliqəli olurdu. Üzərində heç vaxt çirk olmazdı.

12-13 yaşı olanda kənddə müxtəlif işlərdə işləyib evə kömək etməyə çalışırdı. Yoxsulluq ilə barışmırdı. Bizim üçün bayramlar çox önəmli idi. Yeni il, Novruz bayramı, Qurban bayramı və s. Yeni ildə il ərzində bircə dəfə olan hal baş verirdi və biz mandarin yeyirdik. Nə ondan əvvəl ala bilirdik nə də sonra.

Novruz bayramında paxlava, qurban bayramında isə ət yeyirdik. İlin qalan vaxtları bu yoxsulluq ilə yaşamalı olurduq. Ancaq çox xoşbəxt idik. Bol-bol gülür, zarafat edirdik. Onun özəl gülüşü var idi. Dünyada heç kim onun kimi gözəl gülə bilməzdi.

Malıx massivində məktəb 9 illik idi. 10 və 11-ci sinfi oxumaq üçün ya Oğuz şəhərində, ya da digər kənddə yerləşən məktəbə getməlisən. Beyrək də adını Oğuz rayonunda olan məktəbə yazdırdı. Evimizdən rayon mərkəzinə gedən magistral yola qədər məsafə 12 kilometrdir. Məlum səbəblərdən Beyrəyə gedib-gəlməsi üçün yol pulu verə bilmirdik. Özü də istəmirdi o pulu. Yolu piyada gedib-qayıdardı. Soyuq, yağış, isti demədən.

Elə o vaxtdan xüsusi təyinatlı kimi yetişirdi. Uşaq olarkən dostları ilə çəyirtkə yeməkdən mərc gələr, həmişə də qalib gələrdi. Meşədə, dağda-daşda, çayda böyüyüb. Ona görə XTQ üçün hazır idi.

Biz 5 qardaş üçün "ailə hər şeydir" prinsipi çox vacibdir. Tək otaqlı evdə darısqallıq və yoxsulluq bizi bir-birimizə sıx birləşdirmişdi. Beyrək həmişə deyirdi ki, bir gün bu yoxsulluqdan mütləq xilas olacağıq. Yetər ki bir olaq. Çox sıx bağlanmışdıq, yumruq kimi birləşib birgə çalışırdıq.

Universitetlərə bəbul imtahanında 450-dən artıq bal topladı. Türkiyə universitetlərindən birinə qəbul olundu. Amma maddi imkanımız əl vermədiyindən təhsilini yarımçıq qoydu.

2015-ci ildə həqiqi hərbi xidmətə yollandı. Naxçıvan şəhərində N saylı hərbi hissədə xidmətə başladı. HHM-də əsgər idi. Nümunəvi xidmətinə görə qanuni 10 günlük məzuniyyətindən əlavə hərbi hissə komandanlığı 10 günlük məzuniyyət hədiyyə etmişdi.

Əsgər olduğu dövr ərzində bir dəfə də ziyarətinə getmədik. Özü də razı deyildi. 2016-cı il oktyabr ayında tərxis olub evə döndü. Elə o zamandan deyirdi ki, yenidən hərbiyə qayıdacam. Burada darıxıram. 2017-ci ildə Mingəçevir şəhərində N saylı hərbi hissədə, kəşfiyyat-həmlə bölüyündə xidmətə başladı.

Amma arzusu xüsusi təyinatlı olmaq idi. Orada 9 ay xidmət etdikdən sonra SAT komando kurslarından seçim gəldi. Beyrək də adını yazdırdı. Bütün normalara uyğun gəlirdi. Boy, çəki, fiziki hazırlıq, savad və s. 6 aylıq SAT kurslarını uğurla başa vurdu və Tərtərdə N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölükdə (XTB) xidmətə başladı. 1 ildən çox orada qüsursuz xidmət etdi.

2020-ci ildə sənədlərini Xüsusi Təyinatlı Qüvvələrə (Yaşma) təqdim etdi. 6 aylıq amansız və ağır kursu müvəffəqiyyətlə başa vuraraq XTQ-də xidmətə başladı. Müharibə başlanmazdan öncə sol əlində 2 yerdə sınıq vardı. Əli gipsdə idi. Sentyabrın 23-ü əlindəki gipsi cırıb çıxarıb ki, qardaşlarım orada döyüşərkən mən burada gözləyə bilmərəm. Mən qorxaq deyiləm!

Vətən müharibəsində ilk gündən iştirak edib. Döyüşə qatılmazdan öncə evə zəng etdi. Ona nə isə olsa, maaş kartının, telefonun ekran kilidinin şifərsini və XTQ-də sinə nömrəsini “whatsapp”da yazdığını dedi və haqqınızı halal edin söylədi.

Müharibə başlayandan 3 gün sonra yenidən zəng etdi. Ona görə çox narahat idik. Baxmayaraq ki, digər iki qardaşım – Cavidan və Oruc da müharibədə idi. Ancaq biz daha çox Beyrək üçün narahat idik. Çünki Beyrək ən öndə gedənlərin içərisində idi və gözündə qorxu yox idi.

Zəng vuranda soruşdum ki, özünü necə hiss edirsən? Dedi hər şey yaxşıdır. Amma buradan sağ qayıdacağıma inanmıram. Ermənilərin hamısını qıracağıq. Dedim qorxursan? Dedi dəlisən? Nə qorxmaq? O şərəfsizlər bizdən qorxur. İlk dəfədir bu qədər torpağı geri qaytarmışıq. Axıra kimi gedəcəyik. Dedi mənə nəsə olsa başınızı dik tutun. Sonra da dedi ki, haqqınızı halal edin! Sağ olun!

3 oktyabr 2020-ci ildə Füzulinin kəndində gecə saat təxminən 2-3 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 45 ermənini məhv edib. Döyüşdə 2 şəhid veriblər. Onlardan biri Beyrək olub. 3 metr məsafədən Beyrəyə 4-5 güllə dəyib. Ona atəş açan ermənini özü öldürüb, qisasını alıb.

Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, bundan artığına dözə bilməyib və şəhid olub. Döyüş yoldaşları deyir ki, Beyrək 30-a yaxın erməni məhv edib. Süngü bıçaq ilə bir neçə ermənini məhv edib.

Şəhid olmamışdan 2 gün əvvəl, XTQ-də yaxın döyüş yoldaşı ilə birlikdə düşmənə məxsus BMP-ni içindəki şəxsi heyətlə birgə partladıblar.

Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi.

Oktyabrın 5-i Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub. Nəşi Oğuz rayonuna gələndə komandiri zəng edərək "Onu qəhrəman kimi dəfn edin. Beyrək qəhrəman kimi döyüşdü" tapşırığını verdi.

Beyrək sağlamlığına xüsusi diqqət yetirirdi. Enerji və spirtli içkilərə qarşı idi. Siqaretə nifrət edirdi. Sağlam qidalanmağa və idmana xüsusi diqqət edirdi.

Hər ay evə pul göndərirdi. Oğuz şəhərində aldığı 6 sot torpaqda böyük ev tikmək istəyirdi. Deyirdi ki, bütün qardaşlar orda xoşbəxt yaşayarıq. Futbol izləyərik, “PlayStation” oynayarıq, uşaqlarımızı böyüdərik.

“Liverpool” futbol klubunun fanatı idi. Hətta mənə görə ən böyük “Liverpool” azarkeşi idi. Amma heç vaxt özünə “Liverpool” forması almadı. Ehtiyacından əlavə bütün pulunu evə göndərirdi.

Son 2 ildə üzünü doyunca görə bilmədik. Sonuncu dəfə evə 2019-cu ilin yanvar ayında gəlmişdi.

O tam bir hərbi dəlisi idi. Hərbi geyimi əynindən çıxaranda darıxdığını, dünyanın ən şərəfli forması olduğunu deyirdi. Sinə cibində də həmişə Azərbaycanın şanlı bayrağı olurdu.

Ailə qurmaq istəyirdi. Pandemiya imkan vermədi. 9 ay nişanlı qaldı. Ən böyük arzusu qız atası olmaq idi. Qız uşaqlarına qarşı hədsiz sevgisi var idi. Adlarını belə düşünmüşdü.

METBUAT.AZ / GÜLŞƏN RAMAZANLI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR