.

Bakıda qarğaların ölümünün ŞOK SƏBƏBİ - RƏSMİ AÇIQLAMA / FOTO

.

Son vaxtlar Bakıda quşların, əsasən də qara qarğaların kütləvi ölümünə rast gəlinir.

Metbuat.az xəbər verir ki, bu barədə oxucular baku.ws-in qaynar xəttinə məlumat veriblər.

Deyilənləri dəqiqləşdirmək üçün paytaxtın bəzi parklarında olduq. “Elmlər Akademiyası” yaxınlığındakı parkda kütləvi qarğa ölüləri ilə rastlaşdıq.

“Memar Əcəmi” metrosu yaxınlığındakı parkda da eyni vəziyyət idi.

Qarğalar niyə kütləvi şəkildə ölür?

Suala cavab tapmaq üçün AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifova müraciət etdik. Professor açıqlamasında bildirdi ki, qarğaların kütləvi ölümü bir sıra amillərlə bağlı ola bilər.

“Bunun səbəblərindən biri də xəstəliklərin yayılması, müəyyən sanitar tədbirlərdir. Əvvəllər sahibsiz itlər, pişiklər və qarğalar çox idi. Bunun da səbəblərindən biri zibilliklərin çox olması idi. İndi zibil yeşikləri bağlanır, ətrafa atılan tullantılar yığılır.

Digər məsələlərdən biri də xəstəliklərin olmasıdır.

Qarğaların kütləvi ölümü əslində təbiətdə balansın tənzimlənməsidir. Çünki son illər qarğalar həddindən artıq çoxalmışdı. Qarğalar ağıllı və güclü heyvanlardır. Onlar digər heyvanları sıxışdırıb çıxarırdılar. Onların ölməsi təbiətdə bioloji müxtəlifliyin qorunmasına kömək edəcək”, - deyə Elman Yusifov bildirib.

Ornitoloq Elçin Sultanov da açıqlamasında bildirdi ki, əvvəllər bizdə bu qədər quş ölümünə rast gəlinmirdi:

“Əslində küçədə gördüyümüz qarğa ölüləri zağca növüdür. Onların məhv olmasının bir neçə səbəbləri ola bilər. Əsas səbəblərdən biri də keçirilən dezinfeksiya işləridir.

Dezinfeksiyaedici məhlulların tərkibindəki kimyəvi maddələr, zəhər otun və torpağın üstünə tökülür.

Torpaqda da torpaq qurdları yaşayır. İnsanlar arasında onlara soxulcanlar da deyilir. Yerə tökülən zəhərli maddələr soxulcan tərəfindən qəbul edilir.

Qarğalar da onları yeyəndə zəhərlənirlər. Kimyəvi maddə və zəhər qurda təsir etmir, lakin onlarla qidalanan quşlar bundan zəhərlənir. Zəhərli maddələr otla da heyvanlar tərəfindən qəbul edilir və ölümə səbəb ola bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR