Göyçaylı şəhid atası: "Oğlum həm tarix yazdı, həm də tarixdə qaldı" -

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımızdan biri də Göyçay rayon sakini, 20 yaşlı şəhid Elnur Əliyevdir.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Elnur Ərəstun oğlu Əliyev 2000-ci il fevral ayının 10-da Potu kəndində dünyaya göz açıb. İlk təhsilini Nizami adına Göyçay şəhər 7 nömrəli tam orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 2019-cu il dekabr ayının 16-dan başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə kiçik çavuş, xilasetmə taborunda manqa komandiri kimi çalışmağa başlayıb.

Şəhid atası Ərəstun Əliyevin sözlərinə görə, onun oğlu hərbi xidməti zamanı fərmanlar və təşəkkürnamələr ilə təltif olunub.

Vətən müharibəsi zamanı şəhid E.Əliyev böyük qəhrəmanlıqlar nümayiş etdirib. Oktyabrın 6-da Qubadlı istiqamətində gedən şiddətli döyüşlər zamanı başından ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

“Oğlumun bir sözü var idi: Ya tarix yazacam, ya da tarixdə qalacam”, - deyə şəhidin atası qeyd edib.

O, həm tarix yazdı, həm də şəhidlik zirvəsinə ucalaraq əbədi olaraq tarixdə qaldı.

Şəhid E.Əliyev 19 oktyabr 2020-ci il tarixində böyük izdiham ilə Göyçay Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı göstərdiyi böyük şücaətlərə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Davud Tarverdiyev

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR