Şəhid olan qardaşlarının xatirəsinə abidə-bulaq kompleksi tikdirdilər -

Göyçayda şəhidin xatirəsinə tikilən abidə kompleksi fevralın 26-da, onun doğum günündə istifadəyə verilib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, rayonun Ləkçıplaq kəndində İkinci Qarabağ müharibəsi şəhidi Elvin Məmmədovun xatirəsini əbədiləşdirən abidə-bulaq kompleksinin açılışı olub. Açılışda rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Kompleks şəhidin doğma qardaşlarının şəxsi maddi hesabı və kənd camaatının dəstəyi ilə hazırlanıb.

Abidənin üzərində Azərbaycan Respublikasının Dövlət gerbi vurulub, Azərbaycan və Türkiyə bayraqları qaldırılıb, ətrafına yaşıllıqlar salınıb, gecə işıqlandırma sistemi quraşdırılıb. Çıxışlarda şəhidimizin gənclərə nümunə olan qısa və şərəfli həyat yolundan danışılıb. Bildirilib ki, Məmmədov Elvin Mübariz oğlu 1996-cı il fevralın 26-da Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olub. Elə həmin kənddə orta məktəb təhsilini başa vurduqdan sonra 2014-cü ildə həqiqi hərbi xidmətə yola düşüb. 2016-cı ildə xidmətini başa vuraraq sağ-salamat evinə dönüb. 27 sentyabr 2020-ci il tarixində isə yenidən ordu sıralarına qayıdaraq Vətən müharibəsinə könüllü olaraq qatılıb. Oktyabrın 1-i 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. O, doğulduğu Ləkçıplaq kəndində dəfn olunub.

Qeyd edək ki, yaşasaydı əgər bu gün Elvin Məmmədovun 25 yaşı olacaqdı. Şəhid E.Məmmədov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunub.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR