Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin şəxsi təəssüratlarını, xatirələrini və həmin dövrdə yaşadıqları hadisələrə dair müşahidələrini əks etdirən videoçarxlar seriyasını təqdim edir.

Metbuat.az xəbər verir ki, məqsəd Vətən müharibəsinin yalnız hərbi əməliyyatlar və siyasi proseslərdən ibarət olmadığını, eyni zamanda, həmin tarixi dövrü yaşayan insanların yaddaşında dərin iz qoymuş hadisələri, düşüncələri və emosional təəssüratları da əks etdirməkdir.

Şəxsi xatirələrin video formatında toplanması və ictimaiyyətə çatdırılması tarixi yaddaşın qorunmasına, vətəndaş cəmiyyətinin müharibə dövründəki təcrübəsinin sənədləşdirilməsinə və gələcək nəsillərin maarifləndirilməsinə xidmət edir.

Bu, tarixi yaddaşın qorunması: müharibə dövrünə aid şəxsi xatirələrin və müşahidələrin sənədləşdirilməsi; İctimai yaddaşın zənginləşdirilməsi: tarixi hadisələrin vətəndaş cəmiyyəti nümayəndələrinin baxışından təqdim olunması; gələcək nəsillərə Vətən müharibəsinin gedişi və həmin dövrün ictimai-siyasi mənzərəsi barədə məlumatların çatdırılması baxımından çox əhəmiyyətlidir.

Videoçarxlar seriyasında müharibənin 14-cü günü - 10 oktyabr 2020-ci il barədə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli danışıb. O qeyd edib ki, 10 oktyabr 2020-ci il 44 günlük Vətən müharibəsinin diplomatik tarixində də mühüm günlərdən biri olub. Həmin gün Azərbaycan və Ermənistan arasında humanitar məqsədlərlə atəşkəsin saat 12:00-dan qüvvəyə minməsi barədə razılaşma elan edilib. Razılaşma əsirlərin, saxlanılan digər şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsini, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlara başlanmasını nəzərdə tuturdu. Humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, cəbhədə gərginlik davam edib.

Müşfiq Ələsgərlinin çıxışında həmin günə dair xatirələr və müşahidələr 44 günlük müharibənin tarixi mənzərəsinin şəxsi təcrübələr vasitəsilə sənədləşdirilməsinə töhfə verir.

Müşfiq Ələsgərlinin 44 günlük Vətən müharibəsinin 14-cü günü barədə xatirələrini təqdim edirik: